Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib

Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib İşəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf olunacaq
Sosial müdafiə
28 Noyabr , 2014 13:07
Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib
Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanda əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi-texniki bazasının yaxşılaşdırılmasına sərf ediləcək. "Report" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü iclasında “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Məşğulluq haqqında” qanuna dəyişiklik edilməsi haqqında" qanun layihələrinə dəyişikliklər edilib.

Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculu komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, işəgötürənlərdən toplanan cərimələrin 25 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitin istifadə qaydası isə müvafiq orqan tərəfindən müəyyən ediləcək.

“Məşğulluq haqqında” qanuna edilən dəyişiklikdə hansı hallara görə tətbiq ediləcək cərimələrin toplanaraq sözügedən məqsəd üçün istifadə ediləcəyi də dəqiqləşdirilib.

Bu layihəyə görə, işçilərin ixtisarı barədə müvafiq icra hakimiyyəti orqanına azı 2 ay əvvəlcədən, vakansiya barədə ən geci 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməyən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının göndərişi, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatlar təqdim etməyən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlərin cərimələnməsindən toplanan vəsaitlərin 25 faizi qeyd edilən məsələlərə sərf ediləcək.

Qanunvericiliyə dəyişikliyin edilməsində məqsəd müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddı-texniki bazasının yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, hər iki dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi