Yuxarı

Milli Məclis dövlət qulluğuna qəbulla bağlı dəyişiklikləri təsdiqləyib

Dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil ediləcək

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin bugünki plenar iclasında "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test və müsahibə mrəhələsindən ibarət olacaq.

Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək.

Test nümunələrinin hazırlanmasını, ekspertizasını, təsdiqini, test imtahanının təşkilini, keçirilməsini, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı (Dövlət İmtahan Mərkəzi) müəyyən edəcək. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.

Bundan başqa, dövlət orqanına təklif edilən namizəd müsbət təklif alarsa, stajçı əmək müqaviləsi bağlanılmaq yolu ilə 3 ay sınaq müddətinə dövlət qulluğuna qəbul ediləcək. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verib onunla müvafiq əmək müqaviləsi bağlayacaq.

Stajçı kimi qulluğa qəbul edilən şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə əvvəlki vəzifədə staj müddəti nəzərə alınacaq. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla yenidən sınaq müddəti ilə vəzifəyə təyin ediləcək.

Bundan başqa, attestasiyalar ləğv olunacaq və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikat almalı olacaqlar. Yəni, həmin şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Eyni zamanda, sertifikat alaraq dövlət qulluğuna daimi xidmətə qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük veriləcək və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb olunmayacaq.

Ə.Hüseynli deyib ki, dövlət qulluğuna qəbulla bağlı edilən dəyişiklərlər səbəbindən Dövlət İmtahan Mərkəzinin nizamnaməsinə dəyişiklik olunmalıdır. 

Xatırladaq ki, ötən ay adıçəkilən qanun layihəsi komitə iclasında yenidən işlənməsi üçün geri qaytarılmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi