"Hazırda Azərbaycanda zərərçəkmiş şəxslər üçün 9 yardım mərkəzi (onlardan səkkizi qeyri-dövlət mərkəzidir) mövcuddur, onlardan 5-i həmçinin sığınacaq xidməti göstərir".
"Report" xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 6-da Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərərçəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır.
B.Muradova söyləyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzi, həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılaraq aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb.
"İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki məcəllələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar da daxil olmaqla 10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub", - B.Muradova bildirib.