Yuxarı
    Bağlamaq

    Məcburi köçkünlər və aztəminatlı əhali üçün ödənişsiz göz müayinəsi ediləcək

    Tanınmış yapon alimi, doktor Akio Kanainin rəhbərlik etdiyi altı nəfər optometrist mütəxəssisdən ibarət heyət Ağdam və Tərtər rayonlarında olacaq

    Bakı. 18 may. REPORT.AZ/ Yaponiyanın “Fuci Optikal” şirkəti görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycanda növbəti missiyasına başlayıb. 

    "Report"un məlumatına görə, bu gün tanınmış yapon alimi, doktor Akio Kanainin rəhbərlik etdiyi altı nəfər optometrist mütəxəssisdən ibarət heyət Ağdam və Tərtər rayonlarında məcburi köçkünlər və aztəminatlı əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirmək üçün Bakıdan ölkənin qərb bölgələrinə yola düşüb.

    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) son dörd onillikdə səxavətli donoru kimi doktor Akio Kanai dünyada olan didərgin insanlara kömək göstərilməsində nümayiş etdirdiyi qətiyyətə görə 2006-cı ildə nüfuzlu “Nansen qaçqın mükafatı”na layiq görülüb. Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuci Optikal” şirkəti Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər kövrək qruplar üçün 145 min eynək ianə edib, bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirib. Azərbaycan bu ölkələrdən biridir və bu, “Fuci Optikal” şirkətinin ölkəyə 11-ci belə missiyasıdır.

    “Fuci Optikal” Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək iki milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan şəxs BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti mərkəzi və yeli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Bu il “Fuci Optikal” BMT QAK-a 4 min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib və ongünlük humanitar missiya dövründə iki minədək məcburi köçkün, qaçqın və digər aztəminatli şəxsi müayinə etməyi hədəfə alıb.

    “Fuci Optikal”ın humanitar təşəbbüsləri humanitar yardım göstərməklə məhdudlaşmır. Görülən işlər, eyni zamanda, Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə mənəvi dəstək nümayiş etdirir. BMT QAK Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biri olmaqla dünyada olan qaçqınların himayəsi sahəsində beynəlxalq müdaxilələrin idarə olunması, əlaqələndirilməsi, həmçinin, qaçqınların problemləri üçün davamlı həll yollarının axtarılması vəzifəsini daşıdığından, məlumatlılığın artırılmasına və Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün cəhdlərə şərait yaratmağa davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi