Yuxarı
    Bağlamaq

    “Könüllülük: Uğurun formulu” kitabının imza günü keçirilib - FOTO

    “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” olub

    Bakı. 8 fevral. REPORT.AZ/ “ASAN Könüllüləri” Təşkilatının, Azərbaycan Fotoqrafları Birliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I ümumrespublika açıq foto sərgisi” keçirilib.

    "Report" xəbər verir ki, sərgi 2 saylı “ASAN xidmət” mərkəzində (AMAY) açılıb.

    Sərginin əsas məqsədi Prezident İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirmək olub.

    Foto sərgidə fotoqraflar Emin Əlizadə, Elnur Abdulla, Elbrus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli, Ayaz Mikayılzadı, Pəri Arifqızı, Süleyman Süleymanlı, Tural Cəfərov, Vüqar İbadov, Elmar Əzimli, Ramid Vahidoğlu, Elxan Qəniyev, Ceyhun Rəhimov, İlqar Məmmədovun çəkdiyi 34 fotoşəkil nümayiş etdirilib. Könüllü hərəkatına həsr edilən və ilk dəfə keçirilən fotosərgi təkcə “ASAN Könüllüləri”nin fəaliyyəti ilə məhdudlaşmır.

    Fotosərgidə eyni zamanda Formula 1, "Eurovision", Beynəlxalq Bakı Şahmat Olimpiadası, "BAKI 2015" ilk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunub.

    Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən, könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçirilib.

    Kitabın müəlliflərindən biri olan Nadir Adilov "Report"a bildirib ki, bu kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək: "Kitab ikinci nəşr üçün də hazırlanır. Mütəxəssislərin fikri, irad və təkliflər alınandan sonra məqsəd qoymuşuq ki, təxminən bir ildən bir təkmilləşən kitab nəşr etdirək".

    Qeyd edək ki, sərgi 1 ay davam edəcək. Daha sonra isə fotoqrafların könüllülərə həsr etdiyi müvafiq fotolar müxtəlif “ASAN xidmət” mərkəzlərinə hədiyyə olunacaq.

    Sərgidə iştirak edən fotoqraflar “ASAN Könüllüləri” Təşkilatının və Azərbaycan Fotoqrafları Birliyinin müvafiq diplomları ilə mükafatlandırılıb. Gələcəkdə “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqrafları Birliyi KİV fotoqraflarının iştirakı ilə könüllülük hərkatına həsr edilən daha böyük növbəti fotosərgilərin keçirilməsini planlaşdırılır.

    Sərgi bütün vətəndaşlar üçün açıqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi