Bakı. 6 mart. REPORT.AZ/ Cari ilin fevral ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 820,2 min nəfərini qadınlar təşkil edib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Qadınların 57,1 faizi nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulan 170,5 min körpənin 46,4 faizini qızlar təşkil edib. Hazırda ölkədə 21 doğum evi, 152 qadın məsləhətxanası, 282 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,2 yaş yüksək olaraq 76,8 yaşa bərabərdir.
Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 45,8 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,5 faizi qızlardır.
Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50 faizini, bütün elmi işçilərin isə 53,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz, sahibkarlar arasında isə 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2 faizi qadınlardır.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 15,6 faizə çatıb.
Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4 faiz təşkil edib.
"Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2014-cü ildə 10278 nəfərə çatıb", - DSK-nın məlumatında bildirilib.