Səlim Müslümov: "Keçən il sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib"

Səlim Müslümov: "Keçən il sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib" ​Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bayram tədbiri keçirilib
Sosial müdafiə
19 Mart , 2015 14:57
Səlim Müslümov: Keçən il sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib

Bakı. 19 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xalqımızın əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə tədbir keçirilib. "Report" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramının xalqımızın əsrlər boyu qoruyub saxladığı bir bayram olduğunu vurğulayıb.

O deyib ki, ulu öndər Heydər Əliyev Novruz bayramına, onun Azərbaycan xalqı tərəfindən daim yüksək əhval-ruhiyyə ilə keçirilməsinə, ümumiyyətlə milli-mənəvi dəyərlərə xüsusi önəm verirdi: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətli tərəqqi dövrünü yaşayan ölkəmizin milli-mənəvi dəyərlər sistemi də inkişaf etdirilməklə dünyaya uğurla təqdim olunur". 

Nazir ölkədə sosial rifah halının mütəmadi olaraq yüksəlməsinin Novruz bayramının da ilbəil daha fərəhli, nikbin duyğularla keçirilməsinə səbəb olduğunu bildirib.

Keçən il dövlət büdcəsindən sosialyönümlü xərclərə əvvəlki ildəkindən 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldildiyini qeyd edən nazir ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 50,4 milyon manat və ya 20,8 faiz çox vəsait sərf olunduğunu diqqətə çatdırıb: "Son 10 ildə sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, Prezidentin fərdi təqaüdlərinin məbləği 5 dəfə, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği ötən müddətdə 2 dəfə artırılıb. Müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin artımı ötən dövrdə I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib".

S.Müslümov nazirliyin bütün kollektivini Novruz bayramı münasibətilə təbrik edərək, nazirliyin əməkdaşlarına xoş arzularını ifadə edib.

Tədbir Qədim Musiqi Alətləri Dövlət Ansamblının müşaiyəti ilə əməkdar artist, xanəndə Teyyub Aslanovun və III Respublika muğam müsabiqəsinin qaliblərindən biri olan Zabitə Əliyevanın ifasında konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi