İşləyən pensiyaçıların təqaüdləri artırılıb.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, 2021-ci ildə ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: "Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir".