Azərbaycanda işəgötürənlərdə məsuliyyətin artırılması üçün tədbirlər görüləcək

Azərbaycanda işəgötürənlərdə məsuliyyətin artırılması üçün tədbirlər görüləcək Əlillərin potensial məşğulluq imkanlarının qiymətləndirilməsi və reallaşdırılmasına işəgötürənlər tərəfindən münasibət arzuolunan səviyyədə deyil
Sosial müdafiə
23 Dekabr , 2014 12:52
Azərbaycanda işəgötürənlərdə məsuliyyətin artırılması üçün tədbirlər görüləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu il əlilliyi olan şəxslərdən tam reabilitasiya olunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1645 nəfər artaraq 6938 nəfər, hissəvi reabilitasiya olunanların sayı isə 2907 nəfər artaraq 3952 nəfər təşkil edib. Həmçinin bu dövrdə təkrar əlillik müəyyən edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, əlilliyi olan insanların məşğulluğuna şərait yaradılması, əmək bazarına maneəsiz çıxışının dəstəklənməsi də diqqətdə saxlanılır: "Cari ilin 9 ayında məşğulluq xidməti tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 814 nəfərin məşğulluğu təmin edilib ki, onlardan 191 nəfəri əlilliyi olan şəxslərdir. Həmçinin bu müddətdə 340 nəfər əlilliyi olan şəxs, o cümlədən 60 nəfər gözdən əlil şəxs peşə hazırlığına cəlb edilib.

Lakin biz düşünürük ki, cəmiyyətdə belə şəxslərin potensial məşğulluq imkanlarının qiymətləndirilməsi və reallaşdırılmasına işəgötürənlər tərəfindən münasibət arzuolunan səviyyədə deyil. Qanunvericilik sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün müəssisələrdə işçilərin ümumi sayı müqabilində kvota üzrə iş yerlərinin ayrılmasını müəyyən edir. Yəni müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri ayrılmalıdır".

Nazir qeyd edib ki, məşğulluq sahəsində siyasətin səmərəli icrası "Məşğulluq haqqında" qanuna uyğun olaraq işəgötürənlər tərəfindən yeni yaranan boş iş yerləri, həmçinin kvotalar barədə məlumatların məşğulluq orqanlarına təqdim olunmasından asılıdır: "Təəssüf doğuran hal odur ki, bu sahədə bir çox hallarda qanunvericiliyin tələblərinə riayət edilmir. Belə hallarla bağlı cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən müəssisələrdə “Məşğulluq haqqında” qanunun 17-ci maddəsinin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılarkən zəruri məlumat və hesabatları məşğulluq orqanlarına təqdim etməyən 163 işəgötürənə qarşı müvafiq məbləğlərdə cərimələr tətbiq olunub və bu cərimələrin 86,8 faizi artıq dövlət büdcəsinə ödənilib. Lakin bu sahədə işəgötürənlərdə məsuliyyət hissinin artırılması məqsədilə daha təsirli tədbirlərin görülməsi üçün nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Bununla bağlı, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılması ilə əlaqədar qanunvericilikdə təkmilləşdirmələr aparılacaq.

Qeyd edək ki, yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun layihəsində də əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün konkret istiqamətlər əksini tapıb. Bu layihə əlilliyi olan şəxslərin hərtərəfli dəstəklənməsi məqsədlərini dolğun şəkildə əks etdirir və layihəyə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsi tərəfindən də müsbət rəy verilib. Layihə ilə yanaşı BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının müddəalarının icrası məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihəsi də hazırlanıb və Nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimai müzakirəyə təqdim olunub".

Son xəbərlər

Orphus sistemi