Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 80 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və onlar əvvəlki işlərinə bərpa ediliblər.
Nazirlikdən "Report"a bildirilib ki, vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı həmçinin işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 94,7 faizi əməkhaqqı, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.
Əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Həmçinin xidmətin əməkdaşlarının törətdiyi korrupsiya halı ilə bağlı Xidmətin “Məlumat mərkəzi”nə (daxili nömrə “1”) məlumat verə bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərinə əsasən cavablandırılır.