Bu günə kimi "YAŞAT" Fondu 184 şəxsi müalicə məqsədi ilə Türkiyəyə göndərib.
"Report" xəbər verir ki, bunu Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür:
"Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyədə davam edir.
“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən Türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. Ötən il martın 10-da Türkiyədən dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib".
Fondun rəhbəri əlavə edib ki, ötən ilin fevral-mart aylarında İsraildən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib".