İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yeni qanunvericilik aktları ilə həmin şəxslər ilk dəfə işə düzəldikləri zaman onlara verilən birdəfəlik sosial ödəniş 5 min 231 manatdan (o cümlədən 265 manat kompensasiya və hazırda orta aylıq əməkhaqqının beş mislindən az olmamaqla 4 min 966 manat) 15 faiz artırılmaqla birdəfəlik müavinət olaraq 6 min manata çatdırılıb.
Qeyd edək ki, qanunun tənzimlənməsi ilə bağlı dövlət başçısının imzaladığı Fərmanda dəyişikliyin sentyabrın 15-dən tətbiq edilməsi bildirilib.
Xatırladaq ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qanunvericiliklə təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, əmək hüququ üzrə bir sıra digər təminatları da var.