I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir.
Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya aid artıq 16 659 şəxs üzrə birdəfəlik ödəmə verilib.
Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib.
Birdəfəlik ödəmə ilə təminat proqramı üzrə bu günədək ödənilən vəsait isə 105,7 milyon manat təşkil edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat mövcud olan şəxslərə birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.