Yuxarı

​İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiq edilib

Azərbaycan Prezidenti bununla bağlı fərman imzalayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1139-IVQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi və həmin Qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla həmçinin İnzibati Xətalar Məcəlləsinin 349.1, 349.2, 349.3, 350, 351, 354.2.1, 354.2.3 və 354.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin həyata keçirdikləri müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi