İlin birinci yarısında DSMF-nin gəlirləri 3,2 faiz artıb

İlin birinci yarısında DSMF-nin gəlirləri 3,2 faiz artıb "Qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım, dövlət büdcəsindən ayrılan transfertin xüsusi çəkisinin azalmasına səbəb olub"
Sosial müdafiə
28 İyul , 2015 14:25
İlin birinci yarısında DSMF-nin gəlirləri 3,2 faiz artıb

Bakı. 28 iyul. REPORT.AZ/ "2015-ci ilin birinci yarısında Fondun gəlirləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 44,8 mln. manat və ya 3,2 faiz artaraq 1466,5 mln. manata yüksəlib". Bunu Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında DSMF-nin sədri Elman Mehdiyev deyib.

O, Fondun hesabat dövrü ərzində fəaliyyəti barədə ətraflı məlumat verib və bildirib ki, hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin birinci yarısı ilə müqayisədə 8,0 faiz və ya 64,3 mln. manat artaraq 870,2 mln. manat təşkil edib: "Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 65,3 faizini və ya 568,5 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz və ya 49,1 mln. manat artıqdır. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə üzrə sosial sığorta daxilolmalarındakı əhəmiyyətli artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin xüsusi çəkisinin azalmasına səbəb olub".

E.Mehdiyevin sözlərinə görə, bu ilin birinci yarısında Fondun xərcləri 1457,7 mln. manat təşkil edib və bunun da 1431,0 mln. manatı və yaxud 98,2 faizi əhaliyə ödənişlərə yönəldilib: "Əmək pensiyaları ilə bağlı xərclər 1395,4 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 35,6 mln. manat təşkil edib. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib".

O qeyd edib ki, iyulun 1-dək əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub: "Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarı təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir".

Sədr bildirib ki, fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı cari ilin əvvəlinə nisbətən 122,5 min nəfər artaraq 3 milyon 098 min nəfərdən çox təşkil edib ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.

E.Mehdiyevin sözlərinə görə ilin 6 ayı ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz azalıb: "Cari ilin 6 ayı ərzində vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub". 

Son xəbərlər

Orphus sistemi