Yuxarı

​İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım ödənilib

997 nəfərə 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib

Bakı. 4 may. REPORT.AZ/ Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların çatdırılması təmin edilib.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, sərəncam ümumilikdə hazırkı vəziyyətə 15857 nəfərə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 997 nəfərin hər birinə 1000 (min), İkinci Dünya müharibəsində həlak olub və ya sonralar vəfat edən döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirən xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilən şəxslər, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 14 860 nəfərin hər birinə isə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.

Hər il İkinci Dünya müharibəsində Qələbənin ildönümü ərəfəsində Prezidenti İlham Əliyev həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb.

Ümumilikdə Azərbaycan Respublikası MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verən ölkədir. Belə ki, Azərbaycan manatı ilə ifadə etdikdə, bu məbləğ Rusiyada 232 manat, Qazaxıstanda 690 manat, Özbəkistanda 416 manat və s. təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi