Bakı. 3 may. REPORT.AZ/ Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının və sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işlərini artıq tam başa çatdırıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.
Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.
Birdəfəlik maddi yardımların tam şəffaf şəkildə ödənişi həyata keçirilib və bu yardımlar avtomatlaşdırılmış qaydada həmin insanların pensiya üzrə plastik kart hesablarına köçürülüb.
Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat vəsait ayrılıb.