Yuxarı
    Bağlamaq

    İctimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər dövlət başçısına təqdim ediləcək

    QHT Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirib

    Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda "dəyirmi masa" keçirib.

    Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğulaması QHT-lərə ünvanlanmış çağırışdır.

    A.Quliyev vətəndaş cəmiyyəti institutlarının hər zaman olduğu kimi, dövlət başçısını və onun həyata keçirdiyi islahatları dəstəklədiyini bildirib: “QHT-lər bu prosesdə yaxından iştirak etməli və ictimai nəzarətin tətbiqi ilə bağlı real təkliflərini açıqlamalıdırlar. Bildiyimiz kimi, “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq dövlət orqanlarının yanında İctimai şuralar yaradılmalıdır. Bu gün biz qanunun tələblərindən irəli gələn və bu məsələ ilə bağlı digər faydalı mexanizmlərin tətbiqini müzakirə edəcəyik”.

    Şura sədri qeyd edib ki, manatın məzənnəsində baş verən dəyişikliklərdən sonra ictimaiyyəti narahat edən bir sıra məsələlər meydana çıxıb ki, onların mənfi nəticələrinin minimuma endirilməsi üçün vətəndaş cəmiyyəti institutları imkanlarını səfərbər etməlidir.

    Toplantıda çıxış edən Sahib Məmmədov, Əhməd Abbasbəyli, Sabit Bağırov, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Mehdi Mehdiyev, Eyyub Hüseynov, Rauf Zeyni, Osman Gündüz, Ülkər Abdullayeva, Samir Əliyev, Qalib Bayramov, Umud Mirzəyev, Vüqar Qədirov, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Sirus Abbasbəyli, Vüqar Zeynalov, Ruslan Atakişiyev, İsrail İsgəndərov, Etimad Əsədov, Samir Adıgözəlli, Davud Rəhimov, Mirəli Hüseynov, Fariz Xəlilli, Nurəddin Mehdiyev, Təhmasib Novruzov, Elməddin Muradlı, Vüsalə Hüseynli, Qorxmaz İbrahimli, Emin Həsənli, Mehriban Zeynalova və digər QHT sədrləri vətəndaşları narahat edən məsələlər və effektiv ictimai nəzarət mexanizmləri haqqında təkliflərini səsləndiriblər.

    Toplantıda aşağıdakı sahələr iqtisadi məsələlər, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə QHT-lərdən ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib. 

    Toplantıda İşçi qrupların aidiyyəti nazirliklərdə və Mərkəzi Bankda görüşlər keçirməsi və irəli sürülən təkliflərin müvafiq səlahiyyətli şəxslərlə birgə müzakirəsi qərara alınıb. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici seminar və görüşlərin də təşkili haqqında razılığa gəlinib.

    Şura sədri A.Quliyev ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərin dövlət başçısına təqdim ediləcəyini və görüləcək bütün işlər haqqında ictimaiyyətin ətraflı məlumatlandırılacağını vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi