Hərbi psixiatr: “Müharibə keçmiş hərbçilərdə PTSP-in müalicəsi 3 əsas üsulla aparılır”

Hərbi psixiatr: “Müharibə keçmiş hərbçilərdə PTSP-in müalicəsi 3 əsas üsulla aparılır” Müharibə keçmiş hərbçilərdə posttravmatik stress pozuntusunun (PTSP) müalicəsi 3 əsas üsulla aparılır. Bu üsullar eyni zamanda tətbiq edilməlidir. Belə xəstələrin müalicəsi üçün kompleks yanaşma tələb olunur.
Sosial müdafiə
22 İyul , 2022 18:26
Hərbi psixiatr: “Müharibə keçmiş hərbçilərdə PTSP-in müalicəsi 3 əsas üsulla aparılır”

Müharibə keçmiş hərbçilərdə posttravmatik stress pozuntusunun (PTSP) müalicəsi 3 əsas üsulla aparılır. Bu üsullar eyni zamanda tətbiq edilməlidir. Belə xəstələrin müalicəsi üçün kompleks yanaşma tələb olunur.

Bunu “Report”a israilli hərbi psixiatr Mixail Bajmin bildirib.

Mixail Bajmin İsraildə psixiatrik xəstəxanada işləyir, müharibələrdə iştirak etmiş yerli hərbçilərin müalicəsi və realibitasiyası ilə məşğul olur. Daha əvvəl o, Əfqanıstan və Çeçenistan müharibələrinin veteranlarının müalicəsi ilə məşğul olub, bir sıra qaynar nöqtələrdə işləyib, o cümlədən bu yaxınlarda İsrailin Ukraynadakı humanitar missiyası çərçivəsində səhra xəstəxanalarında qaçqınlara yardım göstərib.

Onun sözlərinə görə, müharibədən keçmiş insanlarda PTSP-in geniş simptomları müşahidə olunur: “İlk növbədə bu, “Bek triadası” ilə özünü göstərən depressiya sindromudur. “Bek triadası” – insanın özü, ətrafındakılar və gələcək haqqında mənfi təsəvvürləridir. Belə xəstələr həm özlərinin, həm də ətrafdakı insanların pis, ləyaqətsiz insan olduqlarını, tərk edildiklərini, unudulduqlarını, hamının etibarsız olduqlarını, öz gələcəklərinin qaranlıq olduğunu və yaxşı heç nəyin baş verməyəcəyini hesab edirlər. Bu, PTSP-in insanın özü və ətrafındakılar haqqında təsəvvürlərini necə təhrif etdiyini göstərir. Bu insanlar məhz belə yaşamalı olurlar.

Bundan başqa, yaşanmış travma, müharibə haqqında təkrarlanan düşüncələr, fləşbəklər (hadisələrin sanki gerçəklikdə həyata keçməsinə bənzəyən təəssüratlar) müşahidə olunur. Bir qayda olaraq bu, həmin insanın yaşamış olduğu hansısa konkret travma, məsələn, partlayış, yaxud əsirlikdə başına gələnlərlə bağlı ola bilər”, - M.Bajmin deyib.

O vurğulayıb ki, tez-tez PTSP fonunda müxtəlif patologiyalar və psixoaktiv maddələrdən asılılıqlar meydana gəlir.

“Sosial təcrid də posttravmanın çox böyük bir hissəsidir. Belə insanlar çox nadir hallarda özləri mütəxəssislərə müraciət edirlər. Əziyyət çəkmələrinə rəğmən onlar bir qayda olaraq psixiatra və ya psixoloqa müraciət etməyə çəkinir, evdə qalırlar. Onlarda yüksək əsəbilik, yuxusuzluq, qorxulu yuxular, gücsüzlük, diqqətini bir yerə toplaya bilməmək kimi hallar müşahidə olunur. Müharibədən xeyli vaxt keçdikcə qohumları bu xəstələrin davranışlarından yorulmağa başlayır. Bu, onların qıcıq yaratmasından, ailədəki hər xırda hadisəyə görə səs-küy salmasından, mübahisə etməsindən, içkiyə və narkotik maddələrə qurşanmasından qaynaqlanır. Zaman keçdikcə cəmiyyət də bu insanları özündən təcrid etməyə başlayır. Xəstələrdə PTSP-in ən vacib təzahürlərindən biri də sosial təcriddir. Bu zaman həmin insanlar daha özləri ilə məşğul olmamağa başlayırlar. Bütün bunlar ağır fəsadlara yol açır. Bunların ən ağırı isə əlbəttə ki, intihar hallarıdır”, - psixiatr qeyd edir.

Onun sözlərinə görə, belə sosial təcrid və pozuntunun aktiv kliniki gedişatı insanın nəinki ölkəsinə xeyir verə bilməməsi, işləyə bilməməsi, hətta öz qeydinə belə qala bilməməsi ilə nəticələnir: “Hətta əlilliyə və ya uzun müddət xidmətə görə pensiya alanlar belə həmin vəsaiti düzgün idarə edə bilmir, onu əksər hallarda spirtli içkilərə, narkotik maddələrə, qumar oyunlarına xərcləyirlər. Onlar münasibət yaratmaqda, həyatlarını yenidən qurmaqda da çətinlik çəkirlər. Başqa sözlə, müharibə vaxtı atılmış güllə hədəfinə illər sonra çatır.

Belə ki, müharibə vaxtı kimə görə və kimə qarşı müharibə apardığını bilirsən, mülki həyatda isə hər şey fərqli görünür, dünya yeni çalarlarla bəzənir, ağ-qara, qeyri-müəyyən həyat arxada qalır”.

Psixiatrın sözlərinə görə, xəstəliyin müalicəsi və proqnozu bir sıra amillərdən, o cümlədən yardım sisteminin necə təşkil olunmasından asılıdır.

“Elə insanlar var ki, PTSP nisbətən qısa müddət ərzində, yəni bir neçə ay ərzində öz-özünə keçir. Bu, bir qayda olaraq, normal həyata qayıdan insanlardır. Yəni, onlar ixtisası olan, həmçinin sevimli işində çalışmağa davam edən, ailəsi, dəstəyi, maaşı, yaşadığı yeri olan insanlardır. Onlar gündəlik həyatlarına qayıdırlar və bu, çox yaxşıdır. Bütün bunlar bu xəstəliyin müalicəsi üçün yaxşı ilkin şərtlər, proqnozlardır.

Amma elə vəziyyət də yaranır ki, insanlar müharibədən qayıtdıqdan sonra tənha olur. Onların nə tanışı, nə dostu, nə sosial dəstəyi, nə işi, nə də onu tapmaq üçün kifayət qədər təhsili var”, - M.Bajmin bildirib.

Bundan əlavə, onun sözlərinə görə, bu sindrom hətta uzun müddətdən sonra da özünü göstərə bilər. Belə ki, elmə PTSP-in 5-10 ildən sonra belə özünü göstərdiyi hallar məlumdur.

“PTSP tamamilə aradan qaldırıla bilər. Simptomların kifayət qədər tam remissiyasına nail olmaq mümkündür. Lakin unutmaq olmaz ki, simptomlar görünmədiyi hallarda belə, bir neçə aydan, ildən və ya onilliklərdən sonra həmin insan başqa bir stresli vəziyyətə düşə bilər. Məsələn, yol qəzası Bu, həmin insanda bir zamanlar aradan qaldırmağı bacardığı və şüuraltında gizlətdiyi posttravmanı yenidən oyada bilər.

Digər tərəfdən, remissiya prosesi çox uzun ola bilər. Praktikamda elə xəstələr var ki, Birinci Livan müharibəsində iştirak edib və yenicə sağalıblar. Yəni, onların sağalması üçün 15 ildən çox vaxt keçib. 30 il ərzində remissiyada olan Əfqanıstan veteranlarını görmüşəm”, - israilli psixiatr bildirib.

Onun sözlərinə görə, bütün dünyada PTSP xəstələrinə qayğı göstərilməsi məqsədilə biopsixososial model qəbul edilib: “Bu, 3 əsas üsulla aparılır və biopsixososial modelin effektli olması üçün kompleks yanaşmaya ehtiyac var. Birincisi, bu, bioloji terapiya - psixiatrın təyin etdiyi dərmanlardır, ikincisi, çox vaxt psixoloqların məşğul olduğu psixoterapiyadır. Posttravma məhz psixoterapiya vasitəsilə müalicə olunur. Belə ki, dərmanlar yalnız onun simptomlarını, “aysberq”in görünən hissəsini aradan qaldırır. “Aysberq” məhz psixoterapiya prosesi zamanı əriyir.

Üçüncüsü, sosial sahə ilə bağlıdır. Bu, bir qayda olaraq, sosial işçilərin gördüyü işlərdən ibarətdir. Onlar pensiyaların, ödənişlərin, müavinətlərin, yaşayış yerlərinin, reabilitasiya məkanlarının, iş axtarışlarının, dəstək qruplarının təşkili ilə məşğul olurlar.

Bir sözlə, bunların hər biri eyni anda həyata keçirilməlidir. İnsanın hansı mərhələdə olub-olmamasından asılı olmayaraq – psixiatriya şöbəsinə yerləşdirilə bilər, poliklinikada və ya fərdi şəkildə müalicə edilə bilər – bu üç üsulla getmək lazımdır. Yəni, o, tibbi müalicə, psixoloji müalicə və sosial dəstək almalıdır.

Belə xəstələrlə üç fərqli mütəxəssis məşğul olduqda belə bir model ən yaxşı nəticə verir. Lakin onlardan biri müalicə prosesindən kənara çıxanda proqnoz dərhal pisləşir”.

Posttravmatik stress pozğunluğu olan xəstələr arasında intihar hallarından danışan M.Bajmin qeyd edib ki, heç bir psixiatrik xəstəlik intihar riskini azaltmır və bu mənada PTSP da istisna deyil.

Onun sözlərinə görə, amma bu məsələdə bir sıra amillər nəzərə alınmalıdır: “Əgər bir insan dindar müsəlman ölkəsində yaşayan mömin müsəlmandırsa, onun intihar riski daha azdır, çünki heç bir din intiharı təşviq etmir. Lakin insan tənhadırsa, ateistdirsə – özü və ətrafdakılar daxil olmaqla, heç kəsə, heç nəyə inanmırsa – təbii ki, onun intihar riski xeyli yüksəkdir. Mədəni kod və sosial mühit məsələsi çox güclü təsirə malik amillərdir”.

M.Bajmin vurğulayıb ki, İsrail müharibədə iştirak edən PTSP xəstələrinin müalicəsi üçün sistem qurub, lakin çox vaxt xəstələr həkimə getməkdən və müalicə almaqdan imtina edirlər: “Buna səbəb psixiatrik yardım stiqmasiyasıdır. Belə xəstələr əziyyət çəksələr də, psixiatrlara, psixoloqlara getmək istəmirlər, yardımla bağlı müraciət etmirlər. Son illər bu məsələ ilə bağlı fəal və uğurla mübarizə aparırıq. Xəstələr getdikcə daha çox psixiatrlara müraciət edirlər. Buna görə də nəticələr yaxşılaşır. Əsas odur ki, stiqmanı aradan qaldıraq və nəticədə xəstə həkimə müraciət etsin, onun üçün müalicə proqramı tərtib olunsun. Təəssüf ki, elə hallar var ki, heç bir müalicəyə uyğun gəlmir, lakin onlar hər zaman azlıq təşkil edir”.

O deyib ki, belə xəstələri aşkar etmək və müalicə etmək üçün yardımla bağlı anonim müraciət imkanının olması, təcrid və özünütəcrid ilə mübarizə aparmaq, həmçinin qohumlarla işləmək xüsusi əhəmiyyət kəsb edir: “Bu insanların köməyə ehtiyacı var. Bu yardımı göstərmək üçün səbir tələb olunur. Özlərini tərk edilmiş kimi hiss etməmələri üçün ailələri emosional dəstək verməlidir. İnsan Vətəni uğrunda döyüşdə sağlamlığını əbəs yerə qurban vermədiyini, həyatın girdabına atılmadığını hiss edərsə, bir qayda olaraq, intihar riski azalır”.

Son xəbərlər

Orphus sistemi