"İsitmə mövsümü ilə bağlı əsas hədəf hər bir vətəndaşımızın həyatını qorumaqdır. Məsələn, Kiyev vilayətində 720 isitmə məntəqəsi qururuq".
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Kiyev vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın paytaxtı Kiyevin bir neçə enerji obyektinə qarşı ciddi təcavüzkar hücumlar həyata keçirib:
“Dağıntılar var. Üstəlik, bu obyektlərə ciddi dərəcədə ziyan dəyib. Odur ki, onların uzun müddət təmir edilməsinə ehtiyac var. Məsələn, buna 1 il sərf oluna bilər. Tez bir zamanda, operativ şəkildə lazım olan addımlar atılıb. Yəni, ortamüddətli dövr – 1 ay üçün lazım olan hər şey edilib. Bu işlər ya icra edilib, ya da planlı şəkildə noyabrın ortalarına qədər həyata keçiriləcək”.
A.Kuleba bu işdə əməyi keçən bütün energetikləri qəhrəman adlandırıb:
“Onlar hava həyəcanı siqnalına, yeni atəş risklərinə baxmayaraq, istehlakçıların, əhalinin elektrik enerjisi ilə təmin olunması üçün çalışıblar. İsitmə mövsümündə və qışda bizi böyük çağırışlar gözləyir. İsitmə mövsümünün bizim üçün böyük çağırış olduğunu anlayırıq. Hərbi risklər, Rusiya ordusunun qeyri-adekvat hərəkətləri üzündən bizim üçün qış mövsümü çətin keçə bilər və insanlar isitmə sistemindən və elektrik enerjisindən məhrum ola bilər. Amma biz buna hazırlaşırıq. Bizim isitmə mövsümünü keçə bilməyimiz üçün planlarımız var. Ən əsas hədəf hər bir vətəndaşımızın həyatını qorumaqdır. Məsələn, Kiyev vilayətində 720 isitmə məntəqəsi qururuq. Buraya əsasən müəyyən sayda, yəni 50-dən 300-ə qədər insanın yerləşə biləcəyi böyük administrativ binalar daxildir. Əlbəttə, bu isitmə məntəqələrinin, administrativ binaların avtonom olması üçün işlər görürük. Bu, avtonomluq 24 saatdan daha çox olmalıdır. Bunun 72 saata və daha uzun müddətə qədər artırılması üzərində çalışırıq. Bu məntəqələrdə lazımi isti əşyalar, qida ehtiyatı, su, əlbəttə ki, rabitə vasitəsi olacaq. Çünki əsas problemlərdən biri odur ki, elektrik enerjisinin kəsildiyi ərazilərdə müəyyən müddətdən sonra rabitə ilə bağlı problemlər görürük. Söhbət mobil operatorlardan gedir. Beləliklə, bununla bağlı əsas vəzifələrimizdən biri bunu həll etmək və bütün istehlakçıların rabitə ilə bağlı problemlər yaşamamasını təmin etməkdir", - deyə, Kiyev vilayətinin dövlət administrasiyasının rəhbəri əlavə edib.
Aleksey Kuleba ilə müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.