Hazırda minimum pensiya yaşayış minimumunu 40,7 faiz üstələyir.
"Report" xəbər verir ki, bu, son 5 ildə aparılan sosial islahatlar nəticəsində mümkün olub.
Belə ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir və son beş ildə ölkəmizdə ardıcıl və geniş miqyas alan sosial islahatlar nəticəsində bu istiqamətdə - 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatı sahəsində də ciddi irəliləyişlərə nail olunub.
İcra olunan sosial islahatların hər birində minimum pensiya artımı təmin edilib və növbəti artım olaraq yeni sosial islahat paketi çərçivəsində də dövlət başçısının təsdiq etdiyi yeni qanunla fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Fevralın 1-dən məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılıb və həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği də artıq 240 deyil, 280 manat təşkil edir.
Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir. Beləliklə, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub.
Bununla da vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl addımlar atılır. Bu ilin əvvəlindən reallaşdırılan yeni, son beş ildə dördüncü sosial islahat paketi də xüsusilə indiki vaxtda - dünyanın böhran və inflyasiyanın yeni dalğasına məruz qaldığı bir vaxtda Azərbaycan dövlətinin sosial dövlət olaraq daim öz vətəndaşının yanında olaraq ona dəstək olduğunu bir daha təsdiq edir.
Son beş ildə icra olunan 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılıb və bu ilki yeni, dördüncü sosial islahat paketi də 1,9 milyona yönələn sosial ödənişlərin artırılmasını təmin edir və bu islahat paketi üçün də əlavə olaraq illik 750 milyon manat nəzərdə tutulub.