Yuxarı

Şamaxıda gözdən əlillər pulsuz əməliyyat edilib

ƏƏSMN göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə ilk dəfə humanitar xarakterli aksiya təşkil edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə humanitar xarakterli aksiya təşkil edilib. "Report" xəbər verir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

ƏƏSMN-in təşəbbüsü ilə həmin gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonunda yaşayan gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərib. Nazirliyin qeyd olunan rayonlar üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan, müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan tibbi əməliyyat etdirə bilməyən 30 nəfər gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər. Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilmiş səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən onlar ətraflı tibbi müayinə edilməklə, onlara müvafiq müalicə prosedurları tətbiq olunub. Ayrı-ayrı şəxslərin səyyar oftalmoloji klinikada cərrahi əməliyyatı həyata keçirilib.

Bununla yanaşı, göz xəstəlikləri olan və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi