Goranboyda mərmi düşən ev yenidən tikilərək sahibinə verilib

Goranboyda mərmi düşən ev yenidən tikilərək sahibinə verilib Goranboyda Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri aparılır.
Sosial müdafiə
29 Oktyabr , 2021 12:36
Goranboyda mərmi düşən ev yenidən tikilərək sahibinə verilib

Goranboyda Vətən müharibəsi dövründə dağılmış evlərdə təmir-bərpa işləri aparılır.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonları artilleriya qurğularından və ballistik raketlər kompleksindən atəşə tutaraq dinc əhalini və mülki obyektləri hədəf aldı. Erməni silahlı dəstələrinin həyata keçirdiyi insanlığa və heç bir müharibə qaydalarına sığmayan terrorlar nəticəsində onlarla günahsız dinc sakin dünyasını dəyişib, yüzlərlə fərdi yaşayış evləri, sosial, iaşə və xidmət obyektlərinə ciddi ziyan dəyib.

Erməni terrorçularının atdığı raketlərdən biri Goranboyun Səfikürd kənd sakini Həqiqət Cəfərnicatiyə məxsus fərdi yaşayış evinə düşüb.

H.Cəfərnicati bildirib ki, mərmi düşən zaman ev tamamilə dağılsada xxəsarət alan olmayıb: "Ötən il oktyabrın 1-də səhər saatlarında ermənilərin atdığı mərmi evimizə düşdü. Həmin mərmi nəticəsində evim dağıldı. Evdə tək idim, xəsarət almasam da evimin bir hissəsi tamam dağıldı".

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən, ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib. İstifadəyə verilən evlərdən biri də H.Cəfərnicatiyə məxsus fərdi yaşayış evidir.

O, evinin yenidən bərpa edilərək istifadəsinə verildiyi üçün əməyi olanlara təşəkkür edib: "İlk olaraq, Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ailəmizin adından təşəkkür edirəm, sağ olsunlar. Allah onlardan razı olsun, şükürlər olsun bu gün tam şəraitli, 5 otaqlı ev tikib, mənə verdilər".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.

Son xəbərlər

Orphus sistemi