Yuxarı
    Bağlamaq

    “GMO dalğasının qarşısını almaq mümkün deyil” - ARAŞDIRMA

    “Adaptasiya olanlar davam gətirə biləcək”© Report.az

    Bakı. 18 iyul. REPORT.AZ/ 1972-ci ildən başlayaraq ABŞ-da alimlər tərəfindən ayrı-ayrı növə aid genlərin bir orqanizmdən digərinə transformasiyası həyata keçirilir. Yüksək məhsuldarlıq əldə etmək, istiyə, soyuğa, alaq otlarına və ziyanvericilərə davamlı bitki növü yetişdirmək üçün heyvan genlərinin bitkilərə keçirilməsi nəticəsində təbiətin qanunauyğunluqlarına qarşı gedilir. Genetiki dəyişdirilmiş bitki və heyvan növləri zamanla aborigen bitki və heyvan növlərini sıxışdırır. Dünyada problemin qarşısını almaq üçün çoxsaylı sənədlər qəbul olunub. Bu sənədlər sırasında 1992-ci ildə qəbul olunmuş "Biomüxtəlifliyə dair konvensiya"nı, bu konvensiyadan irəli gələn 2000-ci ildə qəbul edilmiş və 2005-ci ildə Azərbaycan parlamenti tərəfindən də ratifikasiya edilmiş "Kartagen protokolu" göstərmək olar. Protokolu ratfikasiya etmiş dövlətlər onun tələblərinin həyata keçirilməsi məsuliyyətini üzərlərinə götürürlər. Belə ki, genetik modifikasiya olunmuş orqanizmlərin yayılmasına, genişləndirilməsinə, risklərinin qiymətləndirilməsinə və azaldılmasına nəzarət edirlər. Protokolda "Bioloji təmizlik evi" deyilən xüsusi anlayışdan istifadə olunur. Bu anlayış simvolik olaraq "ev" adlandırılır. Kartagen protokolunu ratifikasiya etmiş 153 dövlət bu sahədə gördükləri işlər barədə bu evdə məlumat yerləşdirirlər. Azərbaycan "Bioloji təmizlik evi"ndə heç bir məlumat yerləşdirməyib.

    GMO-nu tamından hiss etmək mümkün deyil

    AMEA Genetik Ehtiyatlar İnstitutunun Tərəvəz və bostan bitkiləri şöbəsinin müdiri, bilogiya üzrə fəlsəfə doktoru, dosent Sabir Həsənov "Report"a bildirib ki, məhsulun geninin dəyişdirilməsi ifadəsi doğru deyil: "Elm-texnika geni dəyişdirəcək qədər inkişaf etməyib. Bitkilərin geni deyil, əlavə genlər yerləşdirilməklə genetikası dəyişdirilir. Genetikanın dəyişdirilmə forması iki cürdür. Biri dədə-babadan gələn təbii üsullarla həyata keçirilir. Bitkilərdə yaxşı əlamətlərin üzə çıxması üçün mütləq təbii yolla genetik dəyişiklik aparılmalıdır. Digəri isə süni yolla həyata keçirilir. Bu yolla hər hansı heyvanın, bitkiyə aid olmayan canlının geni digər bitkilərə köçürülür. Bu prosesdə əqrəbin, suitinin, balinanın genlərindən istifadə olunur və çox geniş yayılıb. Ancaq vaxtilə xalq və elmi seleksiya yolu ilə əldə olunan yerli sortlar sıradan çıxır. Milli sortların sıradan çıxmasına səbəb GMO bitkilərin yayılması deyil, yerli növlərin bazarın tələblərinə, rəqabətə cavab verə bilməməsidir. Yerli sortların məhsuldarlığı aşağıdır, xəstəliklərə, saxlanmaya davamsızdır. Ona görə də fermer həmin məhsulu becərməyə maraqlı deyil. Bu gün sahibkara dərdikdən sonra 15-20 gün, bir ay bazarda sata biləcəyi məhsul lazımdır. Bu səbəbdən sahibkar hibridləşmə yolu ilə yaradılan və tələblərə cavab verən bitkiləri əkir. Bitkilərin hibridləşmə yolu ilə yenilənməsi genetik modifikasiya deyil. Yeni sortu almaq üçün bitki əvvəlcə başqası ilə hibridləşdirilir. Daha sonra 6-7 il müddətində süni seçmə aparılır və sort səviyyəsinə çatdırılır. Hazırda bazarda satılanlar və xarici ölkələrdən - Hollandiya, Türkiyə, Rusiyadan gətirilən məhsullarda genetiki dəyişikik olsa da, GMO bitkilərin siyahısına düşmür. Çünki onlarda genetik dəyişklik təbii yolla aparılıb. Ancaq genetikanı heyvan genləri vasitəsilə dəyişdirilənlər isə GMO-lardır. Çünki GMO üzərində xüsusi işlənilir. Bu cür məhsulların bazarımızlarda olmadığını qəti şəkildə deyə bilmərəm. Çünki həmin məhsullar müxtəlif yollarla bazarlara ayaq aça bilirlər. Kimsə xaricdən həmin məhsulu alır, kimsə  də dolayı yolla toxumunu gətirir.

    Azərbaycan qanunvericiliyinə görə bu cür məhsulların gətirilməsi qadağandır. Amma hansı qanunla nəyisə tam həll etmək mümkün olur? Narkotik maddələrin alqı-satqısının qarşısını qanunla almaq mümkündürmü? Təbii ki, mümkün deyil. Heyvan geni yeridilən bitkilər daha dözümlü, davamlı olur: "Belə ki, pomidorla pomidorun hibridindən alınmış yeni növün məhsulu 10 gün qalırsa, heyvan geni yeridilmiş pomidor bir ay qalır. Əqrəbin neçə dərəcə temperatura davamlı olduğu aşkarlanır və geni bitkiyə köçürülür. Təbii ki, heyvan geni ilə badımcanın geni eyni ola bilməz. Ona görə də təbii badımcanlar zamanla sıradan çıxır. Heyvan genlərinin pomidora köçürülməsi prosesi çoxdan var. Ancaq digər tərəvəz bitkilərində o qədər də geniş yayılmayıb. Amma dənli bitkilər - soyada, qarğıdalıda daha çoxdur. Hətta dünyada 99 faiz genetik modifikasiya olunmuş bitkilərin əkildiyi ərazilər var. Ümumiyyətlə, GMO-ya məruz qalan bitkini tamından heç cür hiss etmək mümkün deyil: "Bəzən müəyyən əlamətlərə görə məhsulun GMO olduğunu açıqlayırlar, televiziyada göstərirlər. Onu gözlə deyil, yalnız laboratoriya analizləri ilə bilmək mümkündür. Bu gün Azərbaycanda məhsulda GMO olub-olmadığını tam analiz etmək mümkün deyil. Çünki bizdə analizlər 3-4 praymerə görə edilir. Məhsulun GMO olub-olmadığını 40-50 praymerə görə yoxladıqdan sonra demək olar. Xarici ölkələrdə məhsulun üzərinə nə olduğu yazılır və kim hansını istəyirsə alır. Amma bizdə GMO ilə orqanik məhsul eyni qiymətə satılır".

    Yerli sortların bir hissəsini qorumağa çalışırıq

    Mütəxəssisin sözlərinə görə, gələcəkdə bazarda yerli sortlara tələb yaranacaq: "İnstitutun gen bankında yerli növlər saxlanılır. Yerli növlərin hamısını olmasa da, bir hissəsini qorumağa çalışırıq. Hazırda 52-yə qədər tərəvəz və bostan bitkisinin sortunu qoruyuruq. Bu işdə insanlar da yardımçı olmalıdır. Bizdə xarici ölkənin məhsullarına üstünlük verilir, iri və gözəl olması istənilir. Halbuki Avropada, ABŞ-da bazara gedənlər iri, gözəl görünüşlü meyə-tərəvəzi axtarmırlar, kələ-kötür, qurdlu olanları istəyirlər. Üstəlik,  bu cür məhsulu baha qiymətə alırlar. Fermer də becərdiyi məhsulu az da olsa baha qiymətə satdığı üçün xeyir götürəcəyini bilir. Məsələn, GMO pomidor 50 qəpik olanda orqanik məhsul 2 manat olacaq. Sahibkar da belə olduqda məhsulu becərməkdə maraqlı olacaq. Bu gün bazara F1 toxum çıxarılır. Bu nəsil toxumlar yüksək və davamlı məhsul verir, uzun müddət qala bilir, xəstəliyə zəif yoluxur. Məsələ burasındadır ki, həmin hibrid bitkinin toxumlarını dədə-baba üsulu ilə götürüb sonrakı il əkəndə nəticə vermir. Ancaq həmin kombinasiyadan olan toxumları əkmək lazımdır. Kənd camaatı pomidir, badımcan və s. tərəvəzlərin şitillərini rayon mərkəzindən hazır alırlar. Biz rayonlardan müxtəlif sortların yığılması ilə məşğuluq. Rayonlarda əkilən tərəvəzlər eynidir, növ müxtəlifliyi yoxdur. Bundan 10-20 il əvvəl bazara gedəndə müxtəlif naxışlı, tumlu qarpızları görürdük. Amma bu gün bazarda inkubator cücələri kimi hamısı eynidir. Çünki artıq digər sortlarımız əkilmir, onların toxumları yalnız genbankda qalıb. Qarpızın genbankda 7-8-ə qədər növü saxlanılır. Xaricdən alınan toxumlar çox bahadır. Hətta xiyarın tumunun ədədi bir manata satılır. Bazarda ştilini bir manatdan verirlər. Yerli sort xiyar demək olar qalmayıb, yalnız birini qoruyub saxlaya bilmişik. Bu da Lerikdə qalan Zuvand növüdür. Camaat arasında təbliğat aparmaq lazımdır, yerli sortlara üstünlük verilməlidir. Kəndli öz məhsulunu bazara çıxara bilməlidir. Heç kim satılan pomidorun harada, necə yetişdirildiyini, toxmunun haradan alındığını bilmir. Çünki məhsulu satan 3-cü, 4-cü adamdır".

    GMO-nun insan orqanizminə fəsadları

    Şöbə müdiri deyib ki, GMO məhsulların insan orqanizminə təsiri barədə bu gün heç bir şey demək mümkün deyil: "Onun fəsadları 40-50 ildən sonra üzə çıxa bilir. GMO-nun yaranması tarixi çox uzaq deyil. Bu məsələdə dünya ictimaiyyəti iki hissəyə ayrılıb. Bir qisim ərzaq təhlükəsizliyi üçün GMO məhsulların tərəfdarıdır, bir hissəsi isə fəsadlarının olduğunu deyərək bu cür məhsullara ehtiyac görmürlər. Təbiətdə həmişə dəyişim gedir, məsələn, vaxtilə vəba, taun var idi. Amma hamı məhv olmurdu ki? GMO dalğası gələcək, insanlar qidalanacaq. Bir hissəsi davam gətirməyib sıradan çıxacaq, adaptasiya olanlar isə nəsli davam etdirəcək. Bunun qarşısını almaq mümkün deyil. GMO-nun orqanizmə təsir göstərməsi üçün illər lazımdır. Bizim dəyişikliyi görməyə yaşımız çatmır. Gələcək nəsil isə adaptasiya olacaq. Ona görə də ciddi təhlükə görmürəm".

    Bəs Dövlət Gömrük Komitəsi nə deyir?

    Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, dünya təcrübəsi nəzərə alınaraq Azərbaycan Respublikası ərazisində genetik modifikasiya olunan orqanizm (GMO) məhsullarının qadağan edilməsi barədə bir sıra normativ hüquqi aktlar qəbul edilib, bu qəbildən olan yeyinti məhsullarınin və GMO bitkilərinin idxalına, satışına, dövlət qeydiyyatına alınmasına sərt qadağalar qoyulub: "Qanunun icrası məqsədilə Dövlə Komitəsi tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilir. Əkin materiallarının idxalı Azərbaycan qanunvericiliyi ilə təsdiqlənən və beynəlxalq miqyasda tanınan GMO bitkilərinin sortlarının siyahıları ilə tutuşdurulmaqla və etiketlərinin araşdırılması üsulu ilə aparılır. Toxumların və digər əkin materiallarının idxalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən idxal-karantin icazələri, yeyinti məhsullarının idxalı isə qanuna uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikatlar əsasında həyata keçirilir. İcazələrin və gigiyenik sertifikatların verilməsi zamanı məhsulların tələblərə, eləcədə GMO tələblərinə cavab verməsi də yoxlanılır. GMO məhsullarına nəzarətin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin nəzdində GMO laboratoriyası fəaliyyət göstərir. Laboratoriyada ən müasir üsulla - real zaman miqyasında Polimeraza Zəncirvari Reaksiya (PCR) və paralel olaraq soya və qarğıdalı kimi xam materiallarda test zolaqlar üsulu ilə ekspress metodun tətbiqi həyata keçirilir. Ekspress metod vasitəsi ilə 1 saat, PCR metod vasitəsi ilə 1-2 gün ərzində nəticələr əldə edilir. Dövlət Gömrük Komitəsinin qərarı ilə 6 sərhəd-keçid məntəqəsində GMO laboratoriyaları qurularaq onlar üçün ekspress PCR laboratoriyaları əldə edilib. Naxçıvan Mərkəzi Gömrük Ekspertizası İdarəsində də yeni GMO laboratoriyası fəaliyyət göstərir".

    Dövlət Komitəsindən bildirilib ki, beynəlxalq təcrübəyə və xarici mütəxəssislərin rəyinə əsasən saflaşdırılmış yağlarda, ümumiyyətlə, GMO analizi aparılmır, onların analizini aparmaq üçün istifadə edilən xammal analizə götürülür: "Dövlət Komitəsinin narahatlığına səbəb olan məsələlərdən biri də bəzi ekspertlərin meyvənin xarici görnüşünə əsasən onun GMO olması ilə bağlı qərar verməsidir. Meyvənin iriliyi onun sortundan, parıltılı olması isə parafinlə örtülməsi ilə bağlıdır. Bu cür emal edilmiş meyvələr çürümür və xarici təsirə dayanıqlı olur. Bu səbəbdən xaricdən gətirilən meyvələrin qabığının soyulması məsləhətdir. GMO məhsulun yaradılması uzun və bahalı prosesdir. Külli miqdarda vəsait tələb edən bu proses müxtəlif biotexnoloji üsullar vasitəsilə həyata keçirilir və hər meyvənin GMO növü yoxdur. Birillik bitkinin GMO sortunun yaradılması üçün 5 il, bitkilərin ağac növlərinin yaradılması üçün isə uzun illər sərf olunur. Bu səbəbdən GMO sortları yalnız mühüm strateji vacib bitkilər üçün yaradılıb. Dünyada yalnız 1 növ gavalının, 2 növ almanın və 2 növ papayanın GMO sortları yaradılaraq reyestrə daxil edilib. Digər meyvələrin GMO sortları hələlik mövcud deyil. Bu “Mədəni bitkilərin genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” 259 nömrəli 13 noyabr 2012-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş beynəlxalq miqyasda tanınmış bitkilərin GMO sortların siyahısında öz əksini tapıb. Mövcud qanunvericiliyə əsasən fiziki şəxslər tərəfindən 10 kq-a qədər şəxsi istifadə üçün gətirilən ərzağın gömrük keçid məntəqəsində yoxlanılması nəzərdə tutulmayıb".

    Bəs bazarlarda alıcılar məhsul alarkən nələrə üstünlük verirlər, daha çox hansı sual onları maraqlandırır? Bu sualın cavabını paytaxtda yerləşən bazarlardan birində tapmağa çalışdıq. Apardığımız sorğudan hazırda bazarda satılan meyvə-tərəvəzin demək olar hamısının yerli olduğu müəyyənləşdi.

    Satıcı Zaur Həmdiyev deyir ki, xaricdən daha çox qış aylarında - daha çox İran və Türkiyədən meyvə-tərəvəz gətirilir: "Qış aylarında hətta Argentina, Braziliya və s. ölkələrdən alça və s. meyvələr gəlir. İndi daha çox mövsümi meyvələrdir, onların da hamısı rayonlardan gətirilir. Bazarda olan çiyələk daha çox Cəlilabadda əkilən "Viktoriya" sortudur. Xaçmazdan gələn çiyələk zərifdir, ömrü azdır, ona görə də yoxdur. Xaçmaz çiyələyi yeməyə, "Viktoriya" isə bişirməyə yaxşıdır. Sonuncuda sünillik var. İndi dərman vurulmadan yetişdirilən meyvə-tərəvəz yoxdur". Yeri gəlmişkən, çiyələyin qiyməti 1 manatdan başlayır və 3-4 manata kimi yüksəlir. Gilasın qiyməti 5, gavalınınkı 3 manata kimi yüksəlirsə, armud 6-7 manatdır. Qarpız 50 qəpik, yemiş 3 manatdan satılır.

    Göygöl rayonundan olsa da, alver etmək üçün Bakıda kirayə yaşayan satıcı Rəhilə Fərəcova bildirir ki, rayonda torpağı olsa, özü də əkib becərər. O, bazarda Qazax pomidoru olan çəhrayı rəngli "Krasnodar" sortunu 2 manata satır və qabığı nazik pomidora tələbatın yüksək olduğunu söyləyir: "Bakı pomidoru 2 manat, Şəmkirin dədə-babadan zəmi sortu dediyimiz məhsulunu 1 manata, hətta 3 kilosunu 1 manata satırıq. Bərdə badımcanı 1 manat 50 qəpikdir. Qışda pomidor İrandan, Türkiyədən, Bakının Zirə kəndindən gətirilir. Xaricdən gətirlən badımcanın eləsi var gec bişir, qaralmağa meyilli olur".

    30 ildir bazarda alver edən Tahirə Bayramova vurğulayır ki, fəaliyyətə başlayandan yerli pomidor satır: "Sortlar dəyişdirildikcə pomidorun görünüşü gözəlliyə doğru dəyişir. Bakıda əkilən "Krasnodar" pomidoru daha təmiz görünüşlü, Qazaxda yetişənlərin ortasında qara çapıqlar olur. Ancaq çapıqlar olan daha dadlıdır. Tərəvəzin hardan gəlməsi ilə heç maraqlanmıram. Uşaqlarım gətirir, mən də satıram. Sortların adını da demək olar bilmirəm. Alıcı daha çox yerli mal istəyir. Çox "dəhşət" vəzifəli müştərilərim var, qışda da kilolarla pomidor alırlar".

    Ədədi 50 qəpikdən qarğıdalı satan Əli kişidən dənləri bərk olan qarğıdalı olub-olmadığını soruşuruq: "Bərk tumlu olsa da çox azdır, həm də gec yetişir. Bunlar tez bişən Amerika sortudur".

    Meyvə-tərəvəzin əksinə olaraq, quru meyvələrin əksəriyyəti xaricdən gətirilir. Özbəkistan, İran, Türkiyə, İsrail, Ərəbistan kimi ölkələrdən ərik qurusu, kişmiş, xurmadan tutmuş müxtəlif növ çərəzlər gətirilir. Satıcılar deyir ki, alıcı haradan gətirildiyi ilə maraqlanmır, baxır, xoşuna gəlirsə alır. Satıcılarla qısa söhbətdən sonra məlum oldu ki, onlar satdıqları meyvə-tərəvəzin sortu, hansı şəraitdə yetişdirilməsi haqqında çox az məlumat sahibdirlər. Onları yalnız alverin zəif olması narahat edir.

    Alıcılar isə yerli məhsula üstünlük verdiklərini deyirlər. Alıcı Səfər Kərimov isə bildirir ki, genetiki dəyişdirilməmiş meyvə-tərəvəz yalnız dağlarda qalıb: "Meyvə-tərəvəz hamısı sortlaşdırılıb".

    Respublika Perinatal Mərkəzinin həkim-genetiki Həmidə Abbasova qeyd edib ki, ana bətnində döldə yeni bir mutasiyanın yaranmasına səbəb olan faktorlardan biri də genetik modifikasiya olunmuş məhsullardır: "Dominant yolla ötürülən xəstəliklərdə valideynlərdən birinin xəstə olması vacib deyil. Bu cür xəstəliklər de-novo mutasiyalar vasitəsilə də yayıla bilir. De-novo mutasiyaların da əsas səbəbi ağır metallarla zəhərlənmələr, genetik modifikasiya olunmuş qidaların istifadəsi, radiasiya, yüksək qızdırma və s. ola bilər".

    Mütəxəssis gələcəkdə orqanizmin GMO məhsullara adaptasiyası məsələsinə də toxunub: "GMO mutasiya yarada bilirsə, arta-arta gedəcək. Orqanizmin bu cür məhsullara adaptasiya ola biləcəyini düşünmürəm. Mən hesab edirəm ki, orqanik qida məhsullarından istifadə etmək lazımdır. Broyler toyuğu əvəzinə kənd toyuğu, ev şəraitində hazırlanmış süd-qatıq məhsullarından istifadə olunmalıdır. Kimyəvi maddələrdən istifadə olunmayan meyvələr yeyilməlidir. İçdiyimiz sular, şirələr, çörək məhsulları var ki, onlardan imtina etmək bir qədər çətindir. Fastfoodlardan kənar durmaq mümkündür. GMO məhsullardan daha çox istifadə olunan ABŞ-da insanların 72 faizi allergiya problemindən əziyyət çəkir. Bu da orada əhalinin fastfoodlara daha çox meyilli olmasından irəli gəlir. İsveç GMO məhsullardan tam imtina edib. Dövlət GMO-ya qəti qadağa qoyduğuna görə orada allergiyadan əziyyət çəkənlər cəmi 7 faizdir".

    Onun sözlərinə görə,  GMO məhsullardan çox istifadə olunması uşaqlarda immunitetin aşağı düşməsinə səbəb olur. H.Abbasova onu da bildirib ki, GMO məhsullardan istifadə antibiotiklərə rezistentlik yaradır: "Son illərdə adi bir infeksiyaya yoluxan uşağı ən geniş spektirli antibiotiklərlə müalicə etdikdə də nəticə gec alınır. Çünki GMO-lu məhsullar orqanizmdə daha rezistent ştamların yaranmasına səbəb olub, bu baxımdan antibiotik terapiyasına asan yolla tabe olmurlar. GMO-nun ən qorxulu fəsadlarından biri də budur".

    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vurğulayıb ki, Azərbaycanda GMO məhsullarla bağlı vəziyyətə kifayət qədər nəzarət olunmur: "Məhsuldan götürülən toxumun növbəti il əkildikdə cücərməməsi, məhsul verməməsi toxumu alınan məhsulun GMO olduğunun göstəricisidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi