1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.
"Report" xəbər verir ki, "Global Media Group"un təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Uşaqları İctimai Birliyi Uşaq Sığınacağı Reinteqrasiya mərkəzində böyüyən uşaqlar iştirak ediblər.
Tədbirdə uşaqların maraqlı vaxt keçirməsi üçün azyaşlılar arasında əyləncəli oyunlar təşkil edilib, musiqili proqram təqdim olunub.
Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək olmaq məqsədi ilə təşkil edilən tədbirin sonunda Sığınacağın kompüter dərslərində iştirak edən uşaqları üçün "Global Media Group" tərəfindən 12 ədəd kompüter hədiyyə edilib.
Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Ətraflı videomaterialı təqdim edirik: