Geridönüşü olmayan məcradan qurtuluş yolları - MƏQALƏ

Geridönüşü olmayan məcradan qurtuluş yolları - MƏQALƏ Bakı. 9 may. REPORT.AZ/ Narkomaniya yalnız narkotik asılılıqdan əziyyət çəkən şəxsin deyil, ümumilikdə cəmiyyətin problemidir. Zərərli vərdiş birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Narkotiklərdən istifadə insanın sağlamlığında silinməz izlər buraxır və bir çox hallarda proseslər sürətlə geridönüşü olmayan bir məcraya yönələrək ağır nəticələrə səbəb olur, ölümə qədər gətirib çıxarır.
Sosial müdafiə
9 May , 2018 16:51
Geridönüşü olmayan məcradan qurtuluş yolları - MƏQALƏ

Bakı. 9 may. REPORT.AZ/ Narkomaniya yalnız narkotik asılılıqdan əziyyət çəkən şəxsin deyil, ümumilikdə cəmiyyətin problemidir. Zərərli vərdiş birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Narkotiklərdən istifadə insanın sağlamlığında silinməz izlər buraxır və bir çox hallarda proseslər sürətlə geridönüşü olmayan bir məcraya yönələrək ağır nəticələrə səbəb olur, ölümə qədər gətirib çıxarır.

Narkomanlığın yayılmasının səbəblərindən biri də bu sahədə maarifləndirmə tədbirlərinin lazımi səviyyədə olmamasıdır. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin üzərinə düşür.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə gedən inkişaf və aparılan islahatlar narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.

Narkomaniya ilə mübarizə bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daima diqqət mərkəzində saxlanılır. Bu problemin həlli istiqamətində ölkənin bütün aidiyyəti strukturları qəbul edilmiş müvafiq Dövlət Proqramlarına uyğun olaraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan təhlillər onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlib və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.

Problemin həllinə xidmət edən mühüm addımlardan biri maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Əsas məsələ gənclərin belə zərərli vərdişlərdən uzaq olmasıdır. Bunun üçün təbliğata xidmət edən müxtəlif tərkibli tədbirlərin həyata keçirilməsi mütləqdir.

Azərbaycan dövləti gənclərə diqqət və qayğını həyata keçirdiyi siyasətin əsas tərkib hissəsinə çevirib. Ardıcıl şəkildə qəbul olunan Dövlət proqramları gəncliyin inkişafına, onların potensial imkanlarının genişləndirilməsinə öz müsbət təsirini göstərir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri, məhz sağlamlığın təmin edilməsi, ən əsası insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşmasına nail olmaqdır.

Ekspertlərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai fəlakətə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.

Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl əzində hər bir təcrübəli narkotik istifadəçisi 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi, asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Valideynlər və övladları arasındakı yaxşı münasibət narkotiklərə qarşı mübarizədə böyük rol oynayır. Valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır.

Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.

Unudulmamalıdır ki, narkotik asılılığını aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatlarını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan onlarla təşkilat və mütəxəssis var.

Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçirilməli olan kompleks tədbirləri müəyyən edib.

Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.

Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur.

Respublikamızın şəhər və rayonlarında asudə vaxtın təşkili məsələlərinə diqqət artırılır, Gənclər evlərinin və idman müəssisələrinin bu istiqamətdə fəaliyyəti daha da gücləndirilir, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması genişləndirilir.

Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verir. Lakin bu sahədə fəaliyyət daha da genişləndirilməli, yeni və kreativ aksiyalar həyata keçirilməlidir.

Xatırlatmaq yerinə düşər ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun ümumiləşdirməsinə əsasən, bu ilin 3 ayı ərzində ölkədə 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-si işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişi, 4-ü qadın, 8 nəfəri isə xarici ölkə vətəndaşlarıdır.

Məqalə Gənclər və İdman Nazirliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında keçirilən ən yaxşı müəllif yazıları müsabiqəsinə “Narkomaniya problemlərinə ictimai diqqətin cəlb edilməsi” nominasiyası üzrə təqdim olunması üçün dərc edilib. 

Son xəbərlər

Orphus sistemi