Bakı. 19 yanvar. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatını təqdim edib.
"Report"un məlumatına görə, GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, Mərkəz 15 ildir fəaliyyət göstərir: "GTM fəaliyyətində şəffaflığı təmin etmək, o cümlədən qarşıda duran vəzifələr barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə ənənəvi olaraq toplantılar təşkil edilir. Ötən illərdə olduğu kimi, Mərkəz 2016-cı ildəki fəaliyyətini əlaqələndirmək məqsədilə Bakı, Gəncə, Mingəçevir, Qarabağ (Ağcabədi), Quba və Şirvan regional ofislərinin imkanlarından istifadə edib. Mərkəz əhatə dairəsini genişləndirmək məqsədilə 2016-cı il Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Şəmkir rayonunda da nümayəndəliyini yaradıb. Ötən il ərzində “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritet istiqamətlərinə uyğun olaraq ümumi sayı 123 olmaqla 35 iri və 88 kiçik miqyaslı layihə həyata keçirib. Sözügedən layihələrin maliyyələşdirilməsində Gənclər və İdman Nazirliyi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Prezident yanında Gənclər Fondu, YUNİCEF-in Bakı Ofisi, Avropa İttifaqının “Gənclər fəaliyyətdə” Proqramı və digər qurumlarla əməkdaşlıq edib. Layihələr Azərbaycanın 35-dən çox şəhər və rayonunda həyata keçirilib, ümumilikdə 10 min nəfərdən çox insana təsir edib".
Onun sözlərinə görə, hesabat dövründə “Multikulturalizm ili” çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında “Multikultural marafon” adlı kampaniya həyata keçirilib: "Azərbaycanın multikultural dəyərlərə əsrlərdən bəri mühüm yer verildiyi, ölkəmizin tolerantlıq ənənələri və mədəni dəyərləri təbliğ olunub. İl ərzində gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə ardıcıl iş aparılıb, müxtəlif tədbirlər həyata keçirilib. Qanlı Yanvar, Xocalı soyqırımı, eyni zamanda Qarabağ münaqişəsi haqqında real faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə sosial şəbəkələrdə 5 dildə (ingilis, rus, alman, fransız, türk) virtual aksiyalar təşkil olunub, təbliğat işi aparılıb. Göstərilənlərlə yanaşı, gənclər arasında Qarabağla bağlı silsilə intellektual bilik yarışları keçirilib, 31 Mart - Azərbaycanlılarının Soyqırımı Günündə yeniyetmə və gənclərin Quba məzarlığına yürüşü təşkil edilib".
Mərkəzin icraçı direktoru bildirib ki, region gənclərinin məşğulluğunun artırılması, gənclər arasında peşə təhsilinin stimullaşdırılması məqsədilə regionlarda Peşə Təhsili üzrə Regional Məsləhət Xidməti və Karyera Planlama Xidməti fəaliyyət göstərib, Quba rayonunda gənclər üçün Biznes Planlama Xidməti yaradılıb: "Həmçinin Samux rayonunda xidmətimizdən yararlanan gənc xanımlar tərəfindən Moda Evi, Füzüli rayonunda gənc xanımların peşə bacarıqlarının artırılması üçün bərbər və dərzi kursları, Ağcabədi rayonunda aztəminatlı ailələrin qız övladları üçün tikiş və toxuculuq kursu fəaliyyətə başlayıb. Aqrar təsərrüfat ilə məşğul olan gənclərin bu sahədə təcrübə və bacarıqlarının artırılması üçün Gənc Sahibkarların Quba Forumu keçirilib. İl ərzində region gənclərinin problemlərinin öyrənilməsi, onların əlaqədar qurumlarla birgə müzakirəsi və gənclərlə işin prioritet olması məqsədilə Gəncə və Mingəçevir şəhərlərində, habelə Quba və Ağcabədi rayonlarında “Region Gənclərinin İnkişafına Dəstək Forumu” keçirilib".
F.Həsənzadə vurğulayıb ki, gənclər arasında sağlam həyat tərzinin təbliği, onların sağlamlıq imkanlarının artırılması istiqamətində də işlər davam etdirilib, Bakı şəhərinin 7 rayonunda “Məktəblilərin Sağlamlıq Forumu”, Qarabağda uşaqlar üçün “Mobil göz klinikası” layihəsi, Gəncə şəhərində isə “Əlil Tələbələrin I Forumu”, “Sağlam gənclik” kampaniyası gerçəkləşdirilib: "Ötən il Mərkəz region gəncləri arasında maarifçilik işinin təbliği, gənclərin bilik və bacarıqlarının artırılması məqsədilə “Kitablar danışır” kitab festivalı, məktəblilərin intellektual bilik yarışları, gənclərin ideya yarmarkaları keçirilib. Mərkəz ötən il gənclər arasında sosial məsuliyyətin artırılmasına yönəlmiş proqramlara da üstünlük verib. Belə ki, əlilliyi olan gənclərin təhsil imkanlarının artırılması istiqamətində “Qarabağ inklüziv təhsil və uşaq inkişaf mərkəzi”, valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Onların kimsəsi bizik”, “Ehtiyacın varsa götür” aztəminatlı ailələrə yardım kampaniyası, daun sindromlu uşaqlar üçün təşkil olunan “Qəlblərdə döyünən nar dənələri”, “Biz birik, bərabərik, həmrəyik” xeyriyyə aksiyalarını da reallaşdırıb".
Mərkəzin icraçı direktoru qeyd edib ki, hesabat ilində Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində tələbələrə güzəştlər təklif edən, onların asudə vaxtının səmərəli keçməsinə və şəxsi inkişafına yönəldilmiş “1inci club” layihəsi start götürüb: "Hazırda yüzlərlə gənc bu klubun üzvüdür. Ötən il gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Mərkəzin Dağçılıq klubu tərəfindən Heydər Əliyev zirvəsinə, Türkiyənin Qızılqaya zirvəsinə gənclərin yürüşü təşkil olunub, müxtəlif rayonlarda gənclər arasında şahmat çempionatları, Qubada gənclərin velosiped yürüşü, ekoloji turizm marşrutları və s. təşkil olunub".
Hesabat dinlənildikdən sonra F.Həsənzadə jurnalistlərin suallarını cavablandırıb, 2017-ci ildə həyata keçiriləcək bir sıra yerli və beynəlxalq layihələr barədə məlumat verib.