Türkiyədə zəlzələdən zərər çəkmişlərə dəstək məqsədilə toplanan yardımlar Gəncə şəhərindən 7 TIR tipli yük maşını ilə yola düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Azərbaycanın digər bölgələrində olduğu kimi Qərb bölgəsində də yardımlar toplanılır və Türkiyəyə göndərilir.
Bu gün bu məqsədlə toplanan yardımlar Gəncə şəhərindən ilk dəfə olaraq 7 TIR tipli yük maşınlarla Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Gəncə şəhərilə yanaşı, Naftalan və Şəmkirdən də toplanan yardımlar da bu gün göndərilən karvanla yola salınıb.
Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.
Humanitar yardımlar davam etdirilir və Gəncə şəhərindən növbəti yardım karvanının sabah yola salınması nəzərdə tutulub.