"Gələn ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sosial portalının funksionallıqları daha da genişləndiriləcək".
“Report” xəbər verir ki, bunu Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, ƏƏSMN-in 153 xidmətindən artıq 138-i elektron, o cümlədən 51-i proaktiv qaydada göstərilir, həmçinin 40 xidmətin elektronlaşdırılması ilə bağlı işlər 2022-ci il ərzində həyata keçirilib: "Bu il Nazirlik üzrə e-xidmətlərin elektronlaşma səviyyəsi 90.2 faizə çatıb. Bu il Nazirliyin e-xidmətlərinə 9 milyondan çox, e-sosial.az portalına 11 milyona yaxın müraciət edilib. Növbəti ildə e-sosial portalının funksionallıqları daha da genişləndiriləcək. Yanvar-dekabr aylarında ümumilikdə 310 mindən çox şəxsə proaktiv təyinat aparılıb. Növbəti ildən proaktiv təyinat sahəsinin daha da genişləndirilməsi üçün Nazirliyin e-sistemlərində aidiyyat üzrə inteqrasiya və təkmilləşmə işləri davam etdirilir”.
Direktor əlavə edib ki, nazirliyin e-arayış xidmətləri vasitəsilə 12 ayda 530 631 e-arayış verilib: “Həmçinin hazırda Nazirliyin e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilmişdir. Həmin qurumlar tərəfindən 12 ayda Nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub”.
O qeyd edib ki, bu il nazirlik informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edən ilk dövlət qurumu olub: "Bu ilin may ayında isə əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) istifadəyə verilib. Həmçinin, Mərkəz tərəfindən Prezidentin 2022-ci il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”na əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə “Mənzil satış portalı” hazırlanaraq istifadəyə verilib”.