Bakı. 5 mart. REPORT.AZ/ "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində məşğulluq təsnifatı üzrə 7 093 vəzifə üzrə əmək müqavilələrinin bağlanması qeydə alınıb. Ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub ki, bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır. Əvvəlki illərlə müqayisədə bu tendensiya tikinti, ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində daha (təxminən 30%) sürətlidir.
O, əmək müqaviləsinə xitam verilməsi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları barədə də məlumat verib: "Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub".