Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni xidmətin tətbiqinə başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni xidmətin tətbiqinə başlayır Sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayı azaldılaraq vahid rüblük hesabatla əvəz edilib
Sosial müdafiə
31 Mart , 2017 16:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni xidmətin tətbiqinə başlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı. 31 mart. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda növbəti islahat tədbiri kimi, 2017-ci il aprelin 1-dən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanması ilə əlaqədar sığortaedənlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, sığortaedənlərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə keçirilən görüşdə ölkədə fəaliyyət göstərən 250-dən çox dövlət təşkilatının, yerli və xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının təmsilçiləri iştirak edib.

Görüşdə bildirilib ki, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 4-də imzaladığı sərəncamla təsdiq olunan “2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda təyin olunan pensiya məbləğinin ödənilən sosial sığorta haqqının məbləğinə uyğunluğunun təmin edilməsi vəzifəsi qarşıya qoyulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması imkanları nəzərdən keçirilib, hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək,vahid rüblük hesabatla əvəz edilməsi həyata keçirilib.

Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev diqqətə çatdırıb ki, təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək.

Görüşdə bildirilib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması həmin sahələr üzrə 30-a qədər elektron xidmətin əhalinin istifadəsinə verilməsinə, xidmətlərin elektron müstəvidə şəffaflaşdırılmasına imkan verib. Təkcə 2016-cı il ərzində əhalinin 6 milyon 550 min dəfə faydalandığı bu e-xidmətlər "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasındadır. Nazirliyin e-xidmətlərinin mühüm bir qismi pensiya təminatının əsas şərti olan məcburi dövlət sosial sığorta sistemini əhatə etməklə, əhalinin bu sahə üzrə bütün xidmətlərdən online rejimdə, rahat və şəffaf şəraitdə istifadəsinə geniş imkanlar yaradıb. Hazırda təqdim edilən yenilik də bu sahədə növbəti addımdır.

Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin əməkdaşları tərəfindən sığorta iştirakçılarının qeydiyyatı, daxil olan ödənişlərin uçotu və fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə bağlı təqdimat keçirilib. Görüş müzakirə şəraitində sığortaedənlərin suallarının cavablandırılması, onlara ətraflı izahatların verilməsi ilə davam edib.

Son xəbərlər

Orphus sistemi