Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 22 səyyar monitorinq keçirib

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 22 səyyar monitorinq keçirib Bakı. 27 noyabr. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsini davam etdirir.
Sosial müdafiə
27 Noyabr , 2017 12:15
Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi 22 səyyar monitorinq keçirib

Bakı. 27 noyabr. REPORT.AZ/ Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsini davam etdirir.

Agentliyin İnformasiya Təminatı Şöbəsinin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 22 səyyar monitorinq həyata keçirilib. Monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 76 hüquqi və fiziki şəxsi əhatə edib.

Monitorinqlərin keçirildiyi dövr ərzində 264 şəxsin əmək və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Monitorinq nəticəsində aşkar olunan faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Baş Prokurorluğa yönləndirilib.

Qeyd edək ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı Mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda Mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir.

Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildirişləri sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti ərazisində işə cəlb olunmamalıdır.

Mərkəz tərəfindən monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi