Bu ilin ilk 11 ayında qeyri-qanuni şəkildə işdən azad olunmuş 57 vətəndaş yenidən iş yerinə bərpa olunub.
“Report”un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Sosial saat” verilişində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Xidmətə daxil olmuş müraciətlərin araşdırılması zamanı vətəndaşlara işəgötürənlər tərəfindən gecikdirilmiş və ya ödənilməmiş 200 min manat vəsaitin ödənilməsi təmin edilib.
Xidmət rəisi əlavə edib ki, cari il ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə 40 min müraciət ünvanlanıb, bunun da xeyli hissəsi elektronlaşma ilə bağlı olub:
"Artıq hər bir işçi və işə götürən arasında yalnız elektron qaydada əmək müqaviləsi bağlanır. Bu da əmək münasibətlərində kardinal dəyişikliyə səbəb olur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində də yetərincə yenilənmələr olub".