Yuxarı

“Əmək bazarının təhlili və proqnozu” layihəsinin detalları müzakirə edilib

ƏƏSMN-də Avropa Təlim Fondunun nümayəndələri ilə görüş keçirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa Təlim Fondunun nümayəndələri ilə görüş keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, görüşdə Fondla birgə icra olunacaq “Əmək bazarının təhlili və proqnozu” layihəsinin detalları müzakirə edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycanda əmək bazarının tənzimlənməsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini uzunmüddətli təhlil və proqnozlaşdırmanın əmək bazarında pozitiv dəyişikliklərin edilməsi üçün vacib olduğunu, icra olunacaq layihənin bu baxımdan xüsusi önəm kəsb edəcəyini vurğulayıb.

Avropa Təlim Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani əmək bazarının təhlili və proqnozlaşdırma sahəsində dəqiq nəticələrə nail olmaq üçün bu sahədə mövcud məlumat bazasının genişləndirilməsinin və eyni zamanda qeyd olunan sahədə çalışan qurumlar arasında səmərəli əlaqələndirmə və məlumat mübadiləsinin artırılmasının önəmini diqqətə çatdırıb. Cari ilin aprel və noyabr aylarında aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə sözügedən layihəyə hazırlıq məqsədilə iki beynəlxalq seminarın keçirilməsi təklif olunub. Görüşdə iştirak edən nazirliyin nümayəndələri tərəfindən layihə ilə bağlı təkliflər, o cümlədən layihənin texniki tapşırıqlarının hazırlanması üçün işçi qrupunun yaradılması təklifi irəli sürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi