Elman Mehdiyev: "Milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyalar nəzərə alınacaq"

Elman Mehdiyev: "Milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyalar nəzərə alınacaq" Pensiya islahatlarının yeni mərhələsində uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması hədəflənir
Sosial müdafiə
12 Noyabr , 2014 10:54
Elman Mehdiyev: Milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyalar nəzərə alınacaq

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir". "Report"un məlumatına görə, bunu açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev ölkədə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, sənəd ölkədə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır: "Bu yöndə aparılacaq islahatların əsas vəzifələri qismində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir".

E.Mehdiyev qeyd edib ki, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcək: "Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaq".

Son xəbərlər

Orphus sistemi