Yuxarı

​Elman Mehdiyev: "Azərbaycanda hesabatlılıq sistemi tam avtomatlaşdırılıb"

Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes forumda DSMF sədri ilə görüş olub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin iştirakı və Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes forumda Azərbaycanda pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri müzakirə olunub. 

"Report" xəbər verir ki, biznes-forumda çıxış edən Fondun sədri Elman Mehdiyev vurğulayıb ki, Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Yeni konsepsiya çərçivəsində nəzərdə tutulan tədbirlər planından ətraflı söz açan E.Mehdiyev bildirib ki, pensiya sistemində sosial sığorta prinsiplərinin dərinləşdirilməsi, məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun optimallaşdırılması, könullü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi kimi islahat tədbirlərinin reallaşdırılması prosesində belə görüşlərin keçirilməsi Fond və sığortaedənlər arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində Azərbaycanda hesabatlılıq sisteminin tam avtomatlaşdırıldığını forum iştirakçılarının nəzərinə çatdıran E.Mehdiyev, həmçinin sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılması istiqamətində aparılan işlər barədə məlumat verib. Belə ki, hesabatlılıq sisteminin sadələşdirilməsinin təmini məqsədilə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair iki müxtəlif hesabat formasının fərdi uçot prinsipi əsasında birləşdirilərək vahid rüblük hesabatla əvəz edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Fonda təqdim edilən hesabatlarla bağlı qeyd edilən yenilik bir tərəfdən sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına, digər tərəfdən isə vətəndaşlar üçün fərdi uçot məlumatlarını rüblük əldə etməklə öz işəgötürənləri üzərində daha operativ ictimai nəzarət imkanlarının yaradılmasına xidmət edəcək.

Görüş zamanı biznes-forum iştirakçılarının sözügedən mövzu ilə bağlı təkliflər və Caspian European Club üzv şirkətlərini maraqlandıran suallar müzakirə olunub.

Biznes-forumda çıxış edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə xidmət göstərir. Tərkibində dünyanın 50 ölkəsində fəaliyyət göstərən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dövlət strukturları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Sonda Elman Mehdiyevə Caspian European Club-un fəxri üzv sertifikatı təqdim olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi