Bakı. 26 yanvar. REPORT.AZ/ "Ermənistan Mərkəzi Bankının rəhbərinin ölkədə pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaqdır".
"Report"un məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, bu, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil: "Bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir".
2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri
Ölkə | Pensiyanın orta aylıq məbləği (ABŞ dolları ilə) |
Azərbaycan | 126,69 |
Ermənistan | 78,52 |
Belarus | 154,43 |
Gürcüstan | 54,27 |
Qazaxıstan | 201,45 |
Qırğızıstan | 73,17 |
Moldova | 82,07 |
Rusiya | 214,95 |
Tacikistan | 31,03 |
Ukrayna | 72,98 |
Mənbə: Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası