Elektron siqaretlər siqaret tərgitməyə kömək edirmi? - ARAŞDIRMA

Elektron siqaretlər siqaret tərgitməyə kömək edirmi? - ARAŞDIRMA "Elektron siqaretlər siqaret çəkmənin imitasiyasıdır"
Sosial müdafiə
29 İyul , 2015 09:12
Elektron siqaretlər siqaret tərgitməyə kömək edirmi? - ARAŞDIRMA

Bakı. 29 iyul. REPORT.AZ/ Dünyada adi siqareti tərgitmək üçün elektron siqaret alternativ kimi təqdim olunur. E-siqaretdən istifadə edənlər düşünürlər ki, bu vasitə ilə onlar bu ziyanlı vərdişdən çəkinə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtara bilərlər. "Report" e-siqaretlərin insan orqanizminə necə təsir etdiyini, siqaret vərdişinin tərgiməsinə nə dərəcədə kömək göstərdiyini, həmçinin satışının necə tənzimlənməli olduğunu müəyyənləşdirmək üçün ekspertlərə müraciət edib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Report"a bildirib ki, elektron siqaretlər Birliyin və istehlakçı hüquqlarını qoruyan bütün dünya təşkilatlarının diqqət mərkəzindədir: "Elektron siqaret birmənalı şəkildə tütün asılılığını ləğv etmir. Elektron-siqareti təbliğ edənlər səhv təbliğat aparırlar və istehlakçıları aldadırlar. Siqaret istifadəçiləri özlərini guya nikotindən azad edirlər, amma ağciyər xəstəliklərinə məhkum olurlar. Elektron siqaretin satışının son illər artmasının səbəbi bazardakı boşluqdan irəli gəlir".

Ekspert, həmçinin bildirib ki, elektron-siqaret elektron mal deyil ki, dövlət nəzarətinə keçirilsin, ekspertiza olunsun, nə də tütün məhsulu deyil ki, yoxlamalardan keçirilsin: "Bu qida əlavələrinə bənzəyir. Yəni dərman deyil ki, ona Səhiyyə Nazirliyi nəzarət etsin, nə də qida deyil ki, digər qurumlar nəzarət etsin. Dünyada belə mallar qanunlardakı boşluqdan istifadə edib irəliləyirlər. Elektron siqareti kəşf edənlər də qanunlardakı boşluqlardan, siqaretə qarşı aparılan böyük dünya kampaniyalarından istifadə edib bu siqareti tərtib ediblər. Çox təəssüflər olsun ki, bu Azərbaycanda da var. Azad İstehlakçılar Birliyinin beynəlxalq araşdırmaları, olunan müraciətlər birmənalı şəkildə sübut edir ki, elektron siqaret insanları siqaretdən azad etmir. Orada yaranan buxar insan orqanizmi üçün son dərəcə təhlükəlidir".

E.Hüseynov bildirib ki, araşdırmalara görə elektron siqaretdə yaranan buxar insanların ciyərində ciddi xəstəliklərə, o cümlədən ağ ciyər xərçənginə səbəb ola bilər: "Bunun demək olar digər siqaret ilə heç bir fərqi yoxdur. Mənim düşüncəmə görə bunun satışı cinayətdir. Bunun qarşısı mütləq alınmalıdır. Təəssüflər olsun ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları öz qüvvələrini buna qarşı birləşdirə bilməyib".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, insanların zərərli və yabançı vərdişlərdən çəkindirmək üçün çoxsaylı üsullar düşünülüb: "Yəni bu barədə həm elmi cəhətdən əsaslanmış, həm də xalq təbabətinin nailiyyətlərini nəzərə alınmaqla ciddi şəkildə işlər gedir. Bu əslində yaranmış reflekslərin aradan qaldırılmasıdır. Bəzən bu reflekslər elə biokimyəvi bədəndəki reaksiyalara əsaslanır ki, onlar sanki asılılıq yaradırlar. Siqaret çəkmə də bu asılılıq vərdişlərindən biridir. Siqareti tərgitmək xeyli çətin görünür, yəni bizim müşahidələrimiz göstərir ki, insanların siqaret tərgitmək qarşısında sanki iradələri zəifdir. Buna görə də bütün dünyada siqaret çəkmə ilə bağlı müxtəlif preparatlar, üsullar hazırlanıb. Hələlik onların içində birmənalı problemi həll edən üsul yoxdur. Onlardan biri də elektron siqaretlərdir. Elektron siqaretlər siqaret çəkmənin imitasiyasıdır. Yəni insan bu vərdişi, refleksi sanki davam edir, yəni siqaret çəkmədən və siqaret tüstüsündən olan o asılılıqdan yavaş-yavaş azad olmağa başlayır".

A.Qeybulla bildirib ki, Ümumdünya Səhiyyə təşkilatının tövsiyələrinə əsasən elektron siqaret insan orqanizmi üçün zərərsizdir: "Yəni ciddi təhlükəsi yoxdur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər halda bunun tərkibinə diqqət etsək bu barədə daha dəqiq söz deyə bilərik. Elektron siqaret siqareti xatırladan xüsusi elektron qabdır. İçərisində maye tökmək, buxarlanmaq üçün qab olur, həmin qab elektron qızdırıcıya damcı şəklində tökülür və ordan buxar şəklində xaric olur. Sanki tüstü effektini verir. Bədənə daxil olan yanmış buxarın içərisində müxtəlif komponentlər var: qliserin, propilen-qlikol, nikotin, disillə suyu. Şəxs həmin tüstünü ciyərinə çəkərkən nikotinin effektini hiss edir, sanki sakitləşir. Elektron siqaret buna əsaslanıb ki, getdikcə isifadə olunan mayedə nikotinin miqdarı azalmalıdır, tədricən nikotinsiz maye qəbul edilməli və nikotindən asılılıq aradan qaldırılmalıdır. Bundan istifadə edib siqareti atanlar da var, ata bilməyənlər də var. Mən hesab edirəm ki, nə qədər nikotin varsa təbii ki, zərər o qədər də qalır".

O qeyd edib ki, hələlik elektron siqaretlər əldə olan nisbətən məntiqi görünən, elmi baxımdan əsaslandırılmış bir vasitədir və digər vasitələr ilə müqayisədə orqanizm üçün nisbətən ziyansızdır: "Elektron siqaretlərin mayeləri adətən müxtəlif standartlara hesablanır. Təəssüflər olsun ki, bu gün üçüncü ölkələrdən tərkibi xeyli şübhəli olan, keyfiyyət parametrləri aşağı olan siqaretlərin mayeləri gətirilir. Bunların insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu deməkdə biz çətinlik çəkirik".

Professor qeyd edib ki, istənilən halda insan iradəli olaraq siqaretdən uzaqlaşsa daha yaxşı olardı. 

Son xəbərlər

Orphus sistemi