Əldə salfet, gözdə ümid - REPORTAJ

Əldə salfet, gözdə ümid - REPORTAJ Bakı. 23 avqust. REPORT.AZ/ Hər dəfə onlarla rastlaşanda “40-50 qəpiyə satılan salfetlə necə dolanmaq olar” fikri insanı düşündürür. Bu satışı marketlərin də etdiyini nəzərə alsaq, işin çox çətin olduğunu görərik. Onlar pul istəmir, zəhmət çəkib qazanırlar. Günorta olduğundan hava da isti idi. Bu isə heç nəyi dəyişmirdi. Onlar çörək pulu üçün günün istənilən saatı küçələrdə, keçidlərdə, yol kənarlarında olurlar.
Sosial müdafiə
23 Avqust , 2018 11:58
Əldə salfet, gözdə ümid - REPORTAJ
Report

Bakı. 23 avqust. REPORT.AZ/ Hər dəfə onlarla rastlaşanda “40-50 qəpiyə satılan salfetlə necə dolanmaq olar” fikri insanı düşündürür. Bu satışı marketlərin də etdiyini nəzərə alsaq, işin çox çətin olduğunu görərik. Onlar pul istəmir, zəhmət çəkib qazanırlar. Günorta olduğundan hava da isti idi. Bu isə heç nəyi dəyişmirdi. Onlar çörək pulu üçün günün istənilən saatı küçələrdə, keçidlərdə, yol kənarlarında olurlar.

İlk yaxınlaşdığımız qadın foto çəkilişinə razı olmadı. Məlum səbəbdən. Küçə satışlarına icazə olmadığından narahatlığı duyulurdu, amma söhbətimiz alındı. O, “heç kimim yoxdur, “İnqilab”da günü iki manata kirayə qalıram” dedi.

“Bəs günə nə qədər qazanırsınız, kirayə pulunu necə verirsiniz” sualına isə: “Neynim ay oğul, kimsəm yoxdur. Öləcəyim günü gözləyirəm. Burada həm salfet satıram, həm də keçənlər su, yemək alır mənə. Hərdən özüm də alıram. Beləcə 5-10 manatım olur”- deyə cavab verdi. Əlindəki paket isə suyu yarıya qədər olan qablarla dolu idi. Qocalar evinə getməyi isə heç istəmirdi. Tək istəyi axşama qədər salfetlərin satılmasıdır. Onunla söhbətimizi görən bir nəfər alman əsilli şəxs isə bütün dünyada belə satışların olduğunu bildirdi: “Bu qəbahət deyil. Mən alman olsam da, Azərbaycanda doğulub, böyümüşəm. Hətta bu yaşda insanların öz əməyi ilə pul qazanması məni sevindirir. Amma onlara kömək olunsa, daha yaxşıdır. Məsələn, Rusiyada belə insanlar üçün fond yaradılıb. Gənclər yığılan vəsaitlə həftənin şənbə və bazar günləri qocaları gəzdirirlər. Onlara yemək alır, əhvallarını xoş edirlər”. Söhbətimiz maraqlı olsa da, yolumuza davam etməliydik.

Çox uzaqlaşmamış daha bir yaşlı qadını gördük. Onun 61 yaşı var. İsti, soyuq bilmədən həm salfet satır, həm də tərəzi ilə qəpik-quruş qazanır. İlk söhbət etdiyim nənədən fərqi olaraq onun övladları vardı. Elə bunu soruşmaq istəyəndə qadının gözləri doldu.

“Hə bala, iki oğlum var, ailəlidirlər. Biri Moskvada yaşayır, biri isə bizimlə bərabər. Ancaq yoldaşımla mənə baxmırlar. Evimiz bir olsa da, qazanımız ayrıdır. Qapımızı da ayırmışıq”. “Siz onu böyütmüsünüz, əziyyətini çəkmisiniz. Axı niyə belə edir” sualına oğlunun sözləri ilə cavab verdi: - “Sizin valideyn kimi məni böyütmək borcunuz idi. Öz ailəmə baxa bilmirəm heç, sizə necə baxım?”

Onun sözlərinə görə, hər salfet blokunda 36 ədəd olur və bundan cəmi 1 manat 10 qəpik qazanır. Səhərdən axşama qədər minlərlə salfet satmaq ehtimalı isə az qala sıfıra bərabərdir. Təqaüd də almayan qadının başqa seçimi də yoxdur. O bunu belə dilə gətirdi: “Təqaüd almıram, yaşım tamam olmayıb. Yoldaşım da gözdən əlildir. Səhər evdən çıxanda çay və yeməyi rahat tapa biləcəyi yerdə qoyub çıxıram. Sağlamlığım da yerində deyil ki, gedim başqa iş görüm. Bura bir az sərindir deyə oturmuşam. Amma bəzi insanlar keçəndə mənə gülürlər. Çox pis oluram. Bir adamın övladı ona baxmasa, başqasınınkı gülüb keçər, ay oğul”

Xanım bildirdi ki, kömək üçün televiziya verilişlərinə müraciət etmək istəsə də, yoldaşı buna etiraz edib.

“Bir dəfə də sizin kimi bir jurnalist oğlan yaxınlaşdı. Mənimlə bərabər evimizə getdi və tanış oldu. Kömək olunacağını bildirdi. Amma yoldaşıma pis təsir edirdi belə hallar. Düzü, oğlan da sonra heç görünmədi”.

Xanımdan bir neçə metr aralıda daha bir yaşlı nənə oturmuşdu. Ahıl yaşında bunu niyə etdiyini soruşanda ehtiyac ucbatından burada olduğunu dedi. Bu təbiidir. Onları birləşdirən səbəb də budur. Ancaq bu nənə digərlərindən fərqli olaraq təqaüd də alır. “Nə qədər təqaüd alırsınız ki, sizə kifayət etmir” sualına nənə bir az sərt cavab verdi: “Sənə nə var nə qədər alıram? Aldığım heç dava-dərmanıma çatmır. Nə etməliyəm bu yaşda?”

“Sizə necə kömək oluna bilər? Bəlkə qocalar evinə gedərdiniz” deyəndə nənə qocalar evini heç kimə arzu etmədiyini dedi. Orada insan özünü daha çox yalnız hiss edər deyə düşünür.

Nənə ilə sağollaşıb, təzəcə yola düzəlmişdik ki, yaxınlıqdakı parkda, təxminən, onunla eyni yaşda olan qadını gördüm. Həyat yoldaşı ilə birgə əyləşmişdi. Amma heç nə satmırdılar. Onlardan öz yaşıdları haqqında fikir öyrənmək istəyəndə isə uzaqlaşdılar. Baytarlıq xidmətinin işçisi onların oturduğu yeri təklif edib fikir bildirmək istədiyini dedi: “Onları qınamaq lazım deyil. Aldığımız məvacib kifayət etməyəndə başqa iş görə bilirik. O yaşda insanlar isə bunu edə bilmir. Əksinə, onlara kömək etmək lazımdır. Övladı olmayan, ya da tərk edilən bu insanlar bizdən biridir”.

Həqiqətən də onlar, sadəcə, təklif edir. Salfetləri marketdən ya da belə yerlərdə oturan xanımdan almaq isə insanların seçimidir. Satılan salfetlər qida məhsulu deyil. Hava şəraitinə görə xarab olma ehtimalı da yoxdur. Salfet satan qadınlardan yox, onların çarəsiz durumuna gülən biganə insanlardan qorunmalıyıq yəqin. Təhlükəli olanlar bu günün qəhrəmanları deyil.

Samir Oruc

Gülnar Nazimqızı

Son xəbərlər

Orphus sistemi