Yuxarı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin qəbulu müddəti uzadılıb

Test imtahanının tarixi və digər məsələlər barədə məlumat veriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri üçün bu ilin oktyabr ayında elan edilən növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun noyabrın 14-dək həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətinin bildirilib. 

Bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və dekabrın 1-də başa çatdırılması qərara alınıb.

Xatırladaq ki, hazırki müsabiqədə namizədlərin iştirakını daha da asanlaşdırmaq məqsədilə onlara ərizələrini nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, ərizə nazirlikdə və ya regional ədliyyə şöbələrində, yaxud poçt vasitəsilə də təqdim edilə bilər.

Eyni zamanda, müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə noyabrın 16-dan etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edilir. Bununla əlaqədar namizədlər birbaşa Ədliyyə Akademiyasına müraciət edə bilərlər. 

Həmçinin, test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlara dair xülasə və "Yaddaş kitabçası" nazirliyin internet səhifəsində yerləşdirilib, eyni zamanda bu sənədlər nazirliyə və regional ədliyyə şöbələrinə müraciət edənlərə təqdim olunur.

Test imtahanının tarixi və digər məsələlər barədə məlumat veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi