Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edib

Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edib Fikrət Məmmədov, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub
Sosial müdafiə
23 Sentyabr , 2015 19:41
Ədliyyə naziri Qazax rayonunda vətəndaşları qəbul edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Qazax rayonunun Olimpiya-İdman Kompleksində Qazax, Ağstafa və Tovuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbula yazılış qabaqcadan aparılıb, həmçinin vətəndaşlar nazirliyin elektron xidmət portalı vasitəsilə birbaşa yazılmaq imkanından yararlanıblar.

Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub. Hakimlər və ədliyyə işçiləri ilə görüşərək Azərbaycan Prezidentinin vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ilə bağlı tələblərini diqqətə çatdıraraq müvafiq tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi