Yuxarı
    Bağlamaq

    Dünyada 100 qadından 80-i zorakılığa məruz qalır

    Azad İsazadə: Bəzi gündəlik döyülən xanımlar bunu norma kimi qəbul edir

    Bakı. 2 noyabr. REPORT.AZ/ "Qadınlara qarşı zorakılıq deyil, faktların ortaya çıxması halları artıb. Zorakılıq hər zaman var. BMT-nin statistikasına görə, dünya üzrə 100 qadından 80-i ailə zorakılığına məruz qalır".

    Bu fikirləri "Report"a açıqlamasında psixoloq Azad İsazadə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda qadınların bəlkə də daha çox - 90 faizi zorakılığa məruz qalır: "Əvvəllər zorakılıqla bağlı hallar evdən bayıra çıxmırdı. Bəzən döyülən xanımın anası, bacısı da bilmirdi ki, həyat yoldaşı onu döyüb. Ayıb sayılırdı. Bu cür halların yalnız 10 faizini aşkar edirik. Faktların hamısı aşkara çıxarsa, dəhşətli statistika olar. Ortaya çıxanlar ən vəhşicəsinə olan hadisələrlə bağlı olur. Şillə, iz qoymayan, ya da bağışlanan döyülmələr və ailə zorakılığı gündəlik olur və bəzən qurban özü də bunu bir norma kimi qəbul edir. Söhbət yalnız fiziki zorakılıqdan deyil, psixoloji, iqtisadi, seksual zorakılaqdan gedir".

    Psixoloq deyib ki, adətən zorakılıq halları kompleks şəkildə olur. O qeyd edib ki, arvadını döyən kişinin maaşını gətirib xanımına verəcəyi inandırıcı deyil: "Bəzən kişilər döyməsə belə, gələcək günlərdə qadını döyəcəyi ilə bağlı proqnoz verir. Qadına səni döyəcəyəm deyir, bəlkə də heç döyməyəcək. Amma bunu deməklə qorxu yaradır".

    A.İsazadə qeyd edib ki, qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq mümkündür, amma bunun üçün iş aparılmalıdır: "Bu məsələ ilə bağlı qanun qəbul olunub. Amma xanımlar bu qanunlardan tam şəkildə istifadə etmirlər. Kişilər çalışırlar ki, qanunu minimal aktivləşdirsinlər. Problemin həlli üçün cəmiyyətdə müzakirələr aparılmalı, xanımlara hüquqi və sosial yardımlar göstərilməlidir".

    Ekspert həmçinin kişilərin də məişət zorakılığına məruz qaldığını söyləyib: "Məsələn, kişi evə gələndə qadının bütün günü deyinməsi psixoloji zorakılıqdır". 

    A.İsazadə vurğulayıb ki, zorakılıq halları uşaqlara, qoca nənə-babalara da zərər vurur: "Ona görə də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun cəmiyyətdə daha geniş şəkildə təbliğ olunmalıdır. Zorakılığa qarşı kompleks şəkildə mübarizə aparılmalıdır. Nə hüquq-mühafizə orqanları, nə də ictimai təşkilatların ayrı-ayrılıqda, bir-birilərinin dəstəyi olmadan iş görməsi çətindir".  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi