Yuxarı

Dünya Bankının nümayəndələri Azərbaycanda aparılan islahatları dəstəkləyir

“Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciətləri olmadan elektron qaydada reallaşdırılması, sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addımdır. Əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə Nazirlikdə keçirilən görüşdə bildirib.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiyaların avtomatlaşdırılmış mexanizminin qurulmasının bu sahədə şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaratdığını vurğulayıb. A.Kərimov növbəti mərhələ kimi yaxın vaxtlarda əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarının da elektron qaydada həyata keçiriləcəyini bildirib.

Ölkədə pensiya təminatı sahəsində aparılan islahatlar və gələcək hədəflər, əhalinin rifah halının yaxşılaşdırılması, sosial ödənişlərin ciddi şəkildə artırılması üçün atılan addımlar barədə missiyaya ətraflı məlumat verilib. “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə birgə görülən işlərdən, bu işlərin nəticələrindən bəhs olunub. Dünya Bankının nümayəndələri aparılan islahatları, həmçinin pensiya təminatı sahəsində müsbət dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

Görüşdə Azərbaycanın pensiya sistemində son dəyişikliklər, pensiya sistemi ilə bağlı uzun müddətli proqnozların yenilənməsi, gələcək birgə fəaliyyət perspektivləri, Beynəlxalq Sosial Təminat Assosiasiyasının cari ilin may ayında Bakı şəhərində keçirəcəyi Avropa Regional Sosial Təminat Forumu və s. məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi