Elman Mehdiyev: "DSMF və sığortaedənlər arasında səmərəli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir"

Elman Mehdiyev: "DSMF və sığortaedənlər arasında səmərəli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir" Fondla Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
Sosial müdafiə
18 May , 2015 17:33
Elman Mehdiyev: DSMF və sığortaedənlər arasında səmərəli əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Fondun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, sənədi DSMF-nin sədri Elman Mehdiyev və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

Tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. O, DSMF və sığortaedənlər arasında səmərəli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu baxımdan imzalanan Memorandum çərçivəsində nəzərdə tutulan tədbirlərin faydalı olacağına əminliyini ifadə edib.

ASK-nın prezidenti Məmməd Musayev çıxış edərək sahibkarlığın inkişafına dövlət tərəfindən çox böyük diqqətin olduğunu bildirib və sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunduğunu, bu məqsədə maliyyə resurslarının cəlb edildiyini qeyd edib.

DSMF və ASK arasında nəzərdə tutulan əməkdaşlıq sahibkarlıq subyektlərinin sosial sığorta və pensiya təminatına dair qanunvericilik üzrə maarifləndirilməsi, onların bilik və məlumatlarının artırılması, "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın icrası prosesində müxtəlif islahat istiqamətləri, o cümlədən məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun optimallaşdırılması, könüllü sosial sığorta haqqının ödənilməsi şərtlərinin müəyyənləşdirilməsi, əmək pensiyalarının yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya fondlarının və onların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yaradılması ilə bağlı aktiv ictimai iştirakın təmin edilməsi üçün sahibkarlıq subyektləri ilə birgə maarifləndirmə tədbirlərinin və ictimai müzakirələrin təşkili və digər sahələri əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi