Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Milli Məclisin (MM) bugünkü iclasında deputatların irəli sürdüyü məsələlərə münasibət bildirib. “Report”un xəbərinə görə, DSMF sədri deyib ki, MM-in əvvəlki iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı səsələndirilən təkliflər Fondda və hökumətdə bir daha müzakirə olunub və nəzərə alınıb.
O, əvvəlcə sanatoriya-kurort müalicəsi yollayışlarının xərc artımı ilə bağlı təkliflərə toxunub: “Qeyd etməliyəm ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu. Bu, 2014-cü ilə nisbətən 2,2 faiz çox idi. Artım əsasən bu cür nəzərdə tutulmuşdu: Artımın 122,8 min manatı sanatoriya kurort müalicəsi və istirahət üçün yollayışların alınamsı üzrə xərclərin artırılması, 30,3 min manatı sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətini təmin etmək, 167,4 AHİK-nin idman cəmiyyətlərində idman qurğularının saxlanması sistemində əmək haqlarının ödənişi istiqamətində, 84,8 min manatı AHİK-nin texniki və əməyin hüququ müdafiəsi həkim, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanması xərcləri üzrə, 9,7 min manat artım isə sanatoriyalarda yemək xərcləri və tibbi yardımla bağlı idi.
Daxili ehtiyatlarımız bir daha nəzərdən keçirildi və əlavə olaraq, Sanatoriya-kurort müalicəsi yollayışlarının daha 100 min manat artımı üzrə proqnozlarında müəyyən dəyişikliklər oldu. Əgər millət vəkillərimiz səs verərlərsə, o zaman gələn il üçün nəzərdə tutulan sahənin xərcləri artıq 222 min manat olacaq.
Çıxışlardan sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin, Azərbaycan Milli Məclisinin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası da qəbul edilib.