DSMF jurnalistlər arasında müsabiqə elan edib

DSMF jurnalistlər arasında müsabiqə elan edib Ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaqlar
Sosial müdafiə
31 Mart , 2015 10:59
DSMF jurnalistlər arasında müsabiqə elan edib

Bakı. 31 mart.REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqə elan edir. Bu barədə "Report"a DSMF-dən məlumat verilib.

Müsabiqəyə aprelin 1-dən mayın 15-dək Azərbaycanın sığorta-pensiya sistemi, fərdi uçot sistemi və onun rolu, ödənilən məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlər barədə mətbuatda, saytlarda çap edilən analitik məqalələr, radio və televiziyada yayımlanan verilişlər, süjetlər təqdim edilməlidir.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilən və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.

Materiallar mayın 15-dən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi ( tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunan ən yaxşı məqalələr üzrə I yer - 800 manat; II yer - hər biri 500 manat olmaqla iki yer; III yer - hər biri 300 manat olmaqla üç yer ayrılıb. Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə I yer - 800 manat; II yer - hər biri 500 manat olmaqla iki yer; III yer - hər biri 300 manat olmaqla iki yer, hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində pul mükafatı veriləcək.

Son xəbərlər

Orphus sistemi