Yuxarı

DSMF-də fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları üzrə müşahidə olunur

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu ilin noyabrın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75 faiz artıb. Bu barədə "Report"a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Məlumata əsasən, oktyabr ayı ərzində əlavə olaraq 472 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 972 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,2 faizini (23 779 nəfər) kişilər, 11,8 faizini (3 193 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 583 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 949 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 617 nəfərə çatıb.

Sonrakı yerlərdə, Hindistan (966), İran İslam Respublikası (960), Çin Xalq Respublikası (844), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (548), Pakistan İslam Respublikası (531), Ukrayna (422), Banqladeş Xalq Respublikası (375), Özbəkistan (269), Almaniya Federativ Respublikası (247), Filippin Respublikası (235), ABŞ (230), Qazaxıstan Respublikası (211), Türkmənistan Respublikası (209), Koreya (189), İtaliya Respublikası (187) və s. ölkələr qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi