Yuxarı

Əmlak Məsələləri Dövlət Komitəsi etik davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirir

Seminarda Komitənin aparatı və tabeli qurumları üzrə ümumilikdə 35 nəfər iştirak edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim-seminarı keçirib.

Əmlak Məsələləri Dövlət Komitəsindən “Report”a bildirilib ki, seminar Komitənin bütün ərazi şöbələrinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Komitənin Daxili nəzarət şöbəsinin əməkdaşı seminarda “Etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Seminarda “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununda göstərilmiş qayda və prinsiplər barədə ətraflı məlumat verilib.

Seminarda iştirakçılarla müzakirələr aparılıb, verilən suallar cavablandırılıb. Eyni zamanda vətəndaşlarla daim nəzakətli, səbirli, məsuliyyətli və qanunvericiliyin tələblərinə uyğun olaraq davranmağın vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Seminarda komitənin aparatı və tabeli qurumları üzrə ümumilikdə 35 nəfər iştirak edib. Dövlət qulluqçularının etik davranış məsələləri üzrə maarifləndirmə tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək. Qanunvericiliklə müəyyən edilmiş etik normalar üzrə mütəmadi tədris kurslarının və treninqlərinin təşkil edilməsi, habelə hazırlanmış müvafiq hesabatların ictimaiyyətə açıqlanması təmin olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi