Hazırda Sosial Xidmətlər Agentliyinin (SXA) müvafiq müəssisəsində 214 ahıl şəxsə zəruri sosial xidmətlər göstərilir.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Qeyd edilib ki, onlardan 111-i kişi, 103-ü qadındır.
Qurumun məlumatına görə, SXA-nın tabeliyində 21 sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Qeyd olunan müəssisələrdən biri də Ahıl şəxslər üçün sosial xidmət müəssisəsidir.
Sosial xidmət müəssisəsi ümumi 300 çarpayı olmaqla 2 korpusdan ibarətdir.
Müəssisədə sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb. Burada hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. təmin olunub. Həmçinin kitabxana, idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir.
Bununla yanaşı, ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, muzeylərə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur.
Qeyd edək ki, müəssisədə ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıllara stasionar formada sosial xidmətlərin göstərilməsi, onlarla sosial işin aparılması və sosial reabilitasiyasının təşkili ilə bağlı fəaliyyət həyata keçirilir.