Bakı. 15 oktyabr. REPORT.AZ/ “ASAN Viza 2” konsepsiyası artıq hazırdır, hazırda səfirliklərlə iş aparılır".
"Report" xəbər verir ki, bunu “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, konsepsiya fəaliyyətə başlayanda Azərbaycan vətəndaşlarının işi kifayət qədər asanlaşacaq: "Viza almaq istəyən vətəndaşlarımızın işi Elektron Hökumət portalına daxil olaraq ordan getmək istədiyi ölkənin adını seçməklə bitəcək. Ondan sonrakı işi portal özü görəcək, səfirliklərə lazım olan məlumatlar göndəriləcək".
"Vətəndaşlarımız həm də ASAN xidmətdə yaradılacaq pəncərəyə yaxınlaşıb pasportlarını verməklə də viza almaq üçün müraciət edə biləcəklər", - deyən direktorun sözlərinə görə, pasportlar səfirlik və konsulluqlara təqdim ediləcək və şəxslər gəlib "ASAN xidmət"dən vizalarını götürə biləcəklər: "Bu da vətəndaşlarımızı qayğılardan və əlavə xərclərdən azad edəcək. Bu konsepsiya səfirliklər üçün də vacibdir, çünki onlar da şəxs haqqında ən son məlumatları rahat əldə edə biləcəklər".